ZƏNGİLAN, 16 aprel. TELEQRAF

"Azərbaycan əlverişli coğrafi mövqeyi sayəsində "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə mühüm tranzit qovşağı rolunda çıxış edir".

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini vurğulayıb ki, tərəfdaşlarla, o cümlədən Rusiya ilə birlikdə nəqliyyat dəhlizlərinin tam ötürücülük gücünə çatdırılması məqsədilə infrastrukturun modernləşdirilməsi istiqamətində sistemli işlər aparılır.

Ş.Mustafayev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin (MDK) prioritet əhəmiyyət kəsb etdiyini qeyd edərək, 2026-cı ilin ilk iki ayının nəticələrini açıqlayıb:

"Bu istiqamətdə tranzit daşımalarının həcmi 23% artıb. Xüsusilə dəmir yolu daşımalarında 61%, avtomobil daşımalarında isə 13% artım qeydə alınıb ki, bu da dəhlizin artan rolunu və ona olan tələbatı təsdiqləyir. Biz dəhlizin rəqəmsallaşdırılması üçün birgə səylər göstəririk, bu isə bütün marşrut boyu logistik prosesləri əhəmiyyətli dərəcədə sürətləndirəcək".

Baş nazirin müavini bildirib ki, Azərbaycan 2024-cü il tarixli "Şimal-Cənub" MDK üzrə Hökumətlərarası Saziş çərçivəsində nəzərdə tutulan bütün öhdəlikləri tam həcmdə yerinə yetirir:

"Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsi başa çatdıqdan sonra 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik yükdaşıma həcmi azı 5 milyon ton səviyyəsində təmin ediləcək. Növbəti mərhələdə isə bu rəqəmin mərhələli şəkildə 15 milyon tona çatdırılması nəzərdə tutulur".