ZƏNGİLAN, 16 aprel. TELEQRAF
"Azərbaycanda rus dilinə böyük hörmət edilir. 300-dən çox məktəbdə rus dilində tədris aparılır".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
O bildirib ki, ölkəmizdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
"Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti ilə ADA Universiteti, eləcə də Azərbaycan İdman Akademiyası arasında ikili diplom proqramları uğurla həyata keçirilir.
Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində Sankt-Peterburq Dövlət Universitetinin (SPbU) iştirakı ilə birgə universitetin yaradılması layihəsi müzakirə olunur. Bu istiqamətdə əsas parametrlərin müəyyən edilməsi məqsədilə danışıqlar davam edir", - Ş.Mustafayev qeyd edib.