BAKI, 14 aprel. TELEQRAF
Bakıda “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin təqdimat mərasimi keçirilib.
“Teleqraf” xəbər verir ki, təqdimat mərasimində nəqliyyat sahəsinin inkişafına dair yeni təkliflər verilib.
Nəqliyyat üzrə ekspert Aslan Əsədov paytaxtda nəqliyyat sıxlığının azaldılması və yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihəni təqdim edib.
Ekspert bildirib ki, son illər əhali artımı nəticəsində Bakı şəhərində nəqliyyat yükü əhəmiyyətli dərəcədə yüksəlib və bu da tıxac problemini daha da ağırlaşdırıb. Onun sözlərinə görə, şəhərin yarımada üzərində yerləşməsi nəqliyyat axınının daha səmərəli planlaşdırılmasını zəruri edir.
Aslan Əsədov xüsusilə şəhərin şimal giriş istiqamətində nəqliyyatın tənzimlənməsinin prioritet məsələ olduğunu vurğulayaraq qeyd edib ki, bu istiqamətdə alternativ yolların yaradılması, nəqliyyat axınının bölüşdürülməsi və müasir həllərin tətbiqi vacibdir.

Ekspertin sözlərinə görə, Binəqədi, Sulutəpə, Biləcəri, Xocəsən və Xırdalan istiqamətlərində istifadəsiz ərazilər mövcuddur və təxminən 15 hektar sahədə iri park kompleksinin yaradılması həm ekoloji vəziyyətə müsbət təsir göstərə, həm də əhalinin asudə vaxtının təşkili baxımından əhəmiyyətli rol oynaya bilər: “Bu addımın yay aylarında baş verən yanğın risklərinin azaldılmasına da töhfə verəcək.
Xırdalan dairəsində yaranan sıxlığın yalnız yolun genişləndirilməsi ilə həll olunması mümkün deyil. Əsas problem qapanma nöqtələridir və bu səbəbdən alternativ giriş-çıxış yollarının yaradılması daha effektivdir.
Təklifə əsasən, Xırdalan şəhərinə Bakı–Şamaxı istiqamətindən ən azı üç fərqli giriş təmin edilməlidir. Bu çərçivədə Hökməli dairəsi yaxınlığında dəmir yolunun üzərindən yolötürücünün tikilməsi, “Dəyirman” ərazisində əlavə yolötürücünün inşası və digər bağlantıların yaradılması nəzərdə tutulur”.
Aslan Əsədov Koroğlu metrostansiyası yaxınlığında tətbiq olunan çoxsəviyyəli qovşaq modelinin digər ərazilərdə də tətbiqini məqsədəuyğun hesab edib. O bildirib ki, bu yanaşma Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti və Biləcəri istiqamətlərində də istifadə oluna bilər: “Bu ərazilərdə tunel və yolötürücülərin tikilməsi ilə yanaşı, yağış sularının idarə olunması və müasir drenaj sistemlərinin qurulması da təklif edilir”.
Ekspert bildirib ki, Azneft dairəsi və İçərişəhər metrostansiyası ətrafında əlavə çıxışların yaradılması sərnişin axınının daha səmərəli bölüşdürülməsinə şərait yarada bilər: “Bu yanaşma gələcəkdə tramvay, trolleybus və BRT (sürətli avtobus zolaqları) kimi müasir nəqliyyat sistemlərinin tətbiqi üçün baza rolunu oynaya bilər.
Həmçinin bəzi yol qovşaqlarında “yarımçıq qovşaq” problem var, çatışmayan keçid və rampaların tamamlanması vacibdir.
Təkliflər paketində yağış sularının idarə olunmasına da xüsusi yer ayrılıb. Yeraltı su toplama hovuzları, drenaj xətləri və tənzimləyici rezervuarların yaradılması, həmçinin tunel və yol ərazilərində su yığımının qarşısının alınması təkliflərdə əks olunub”.
Ekspert deyib ki, ümumilikdə layihə Bakı şəhərinin nəqliyyat infrastrukturunun mərhələli inkişafını nəzərdə tutur: “İlk mərhələdə şimal girişinin optimallaşdırılması, daha sonra cənub və digər istiqamətlərin inkişafı planlaşdırılır.
Layihənin 2020–2040-cı illəri əhatə edən perspektiv inkişaf proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüsün effektivliyi icra mexanizmləri və prioritetlərin düzgün müəyyənləşdirilməsindən asılı olacaq.