BAKI, 25 fevral. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Teleqraf-a verilən məlumata görə, sərnişin axınının artacağını nəzərə alan qurum bir neçə istiqamətdə gündəlik və əlavə səfərlər təşkil edəcək.

Belə ki, 20-30 mart tarixlərində hər gün Bakı–Qəbələ–Bakı, 19-30 mart tarixlərində isə hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hərəkət edəcək. Bundan əlavə, 23 və 25 mart tarixlərində Bakı–Ağdam–Bakı istiqamətində də əlavə reyslər planlaşdırılıb.

ADY bildirir ki, Bakı–Ağstafa–Bakı qatarlarına biletləri 10 faiz endirimlə əldə etmək mümkündür. Sərnişinlər biletləri dəmiryol kassalarından, qurumun rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə ala bilərlər.

Qeyd edilib ki, bayram günlərində bəzi marşrutlar üzrə reyslər ənənəvi qrafiklə də davam etdiriləcək. Belə ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Gəncə–Qəbələ–Gəncə istiqamətləri üzrə səfərlər, eləcə də 21 və 28 mart tarixlərində Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarlar mövcud cədvələ uyğun icra olunacaq.