BAKI, 25 mart. TELEQRAF

Azərbaycanın və Cənubi Qafqazın strateji mövqeyi xəritəyə diqqət yetirildikdə aydın görünür.

Bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Teleqraf-a müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, Rusiyanın artıq etibarlı tərəfdaş olmadığı reallığı fonunda bu regionun önəmi sürətlə yüksəlməkdədir.

O qeyd edib ki, Moskva müntəzəm olaraq mavi yanacaq resurslarından və iqtisadi rıçaqlardan siyasi təzyiq aləti kimi istifadə edir.

K. Vaskelyaviçyus əlavə edib ki, İran ətrafındakı təhlükəsizlik mühiti də mövcud vəziyyəti qəlizləşdirir və belə bir konyuktura daxilində həm Azərbaycanın, həm də bütövlükdə bölgənin rolu daha həssas və kritik xarakter daşıyır.

Səfir Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün əvəzolunmaz tranzit qovşağı olduğunu diqqətə çatdırıb:

"Bu areal həmçinin Avropa İttifaqının Mərkəzi Asiya və digər qitə dövlətləri ilə işbirliyi üçün mühüm tranzit qovşağıdır. Birliyin regiona verdiyi yüksək dəyərin bariz nümunəsi olaraq, Aİ Şurasının Prezidenti Antonio Koştanın cari ildə ölkənizə reallaşdırdığı tarixi səfəri göstərmək mümkündür. Bir çox qlobal güc mərkəzi rəsmi Bakının və ətraf ərazilərin artan çəkisini yüksək qiymətləndirir".

Diplomat Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının Brüssel üçün mütləq prioritet olduğunu bildirib:

"Biz Azərbaycan və Ermənistanın müştərək səyləri sayəsində əldə edilən irəliləyişi təqdir edirik. Litva həm Aİ üzvü kimi, həm də ikitərəfli münasibətlər çərçivəsində regionda sabitliyi təmin edəcək hər növ təşəbbüsü dəstəkləməyə hazırdır".

K. Vaskelyaviçyus tərəflərin ikitərəfli formatda apardığı danışıqların və əldə olunan nəzərəçarpan tərəqqinin Litvanı sevindirdiyini qeyd edib və yaxın gələcəkdə yekun sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.