BAKI, 9 avqust. TELEQRAF

Bu gün Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar on illərdir davam edən münaqişənin sona çatması üçün mühüm irəliləyişdir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "X" hesabında paylaşım edib.

"Hər iki tərəfi və ABŞ Administrasiyasını bu imkanlardan istifadə edərək irəliləyişə nail olduqları üçün qətiyyətlə təbrik edirik. Bu, Avropa İttifaqının 27 üzv ölkəsi adından verilən bəyanatdır", - paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.