Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanın adından Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib.

Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə lançın menyusu paylaşılıb.

Menyuda tam buğda çörəyi, çovdar çörəyi balqabaq toxumu yağı ilə birgə təqdim edilir. Soyuq qəlyanaltı bölməsində isə Çenqele kəndindən yaşıl qulançar, gəndalaş sirkəsində marinə edilmiş şanterel göbələyi salatı, turş yaşıl çiyələk və Balaton pendiri təklif olunur. Əsas yemək bölməsində nərə balığı və lanqustin, şüyüd və kürü ilə hazırlanmış midyə sousu, “Budapeşt” Omaha dana fileminyonu, macar üslubunda ratatuy ilə yaşıl noxud yer alır. Lançda desert kimi çiyələk-rəvənd raqu və pista kremi ilə ağ şokolad qanaş nəzərdə tutulur.

Lançın içki menyusu da zəngindir: Qızıl çuğundur-gəndalaş şirəsi, alma-kərəviz şirəsi, göyəm-üzüm şirəsi və çiyələk-rəvənd şirəsi.

Lanç Karmelit monastırında təşkil olunub. XVIII əsrdən inşa edilən monastır 2019-cu ildən bəri Macarıstan Baş nazirinin ofisi kimi fəaliyyət göstərir.