BAKI, 20 may. TELEQRAF

"Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalmışdır. İşğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinə və insan haqlarına qarşı açıq hörmətsizlik nümunəsi idi".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində əksini tapıb.

Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilərdə illər ərzində resurslarımızın qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür:

"Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir".