BAKI, 18 aprel. TELEQRAF
"Xankəndinin azad olunması nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edib".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində bildirib.
H. Hacıyev deyib ki, adı “Xanın kəndi” kimi tərcümə olunan bu şəhər Azərbaycanın qədim yaşayış məskənlərindən biri hesab olunur. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər qanlı bolşevik Stepan Şaumyanın adı ilə adlandırılaraq "Stepanakert" kimi tanınmağa başlamışdı.
Onun sözlərinə görə, təəssüf ki, 1980-ci illərin sonlarından etibarən Xankəndi terrorçuluq, irredentizm və separatizm aktlarının təşkil və icra olunduğu bir mərkəzə çevrildi. "Stepanakert" adı altında şəhər faktiki olaraq, bir konslager kimi fəaliyyət göstərmiş, burada azərbaycanlı mülki şəxslər və hərbçilər əsir və girov götürülərək amansız işgəncələrə və qətllərə məruz qalmışdılar. Soyuq müharibənin sonuna yaxın dövründə bu şəhər həm də Helsinki Yekun Aktının, Yeni Avropa üçün Xartiyanın və BMT Nizamnaməsinin pozulduğu bir məkan olaraq tarixə düşdü. ATƏT məkanında münaqişə və müharibənin yeni, təcavüzkar modeli məhz burada formalaşdı.
H. Hacıyev vurğulayıb ki, bununla belə, 30 illik strateji səbr nümayiş etdirən Azərbaycan beynəlxalq münasibətlər tarixində unikal bir yol qət edərək münaqişəyə hərbi-siyasi həll verə bilmişdir. Hazırda isə ölkə post-münaqişə dövrünün vacib elementi olan keçid ədalətinin təmininə nail olur. Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş şəxslər artıq ədalət məhkəməsi qarşısına çıxarılır. Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq – ədalətə, legitimliyə və beynəlxalq hüquqa əsaslanan status-kvo formalaşdırıb. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, bölgə sürətli transformasiya mərhələsinə qədəm qoyub.
"Xüsusi qürur hissi ilə demək olar ki, bu gün burada – Qarabağ Universitetində, onun tələbələri ilə birlikdə olmaq böyük fəxrdir",- o qeyd edib.
With the liberation of Khankendi, Azerbaijan has fully restored its territorial integrity and sovereignty. This city, whose name translates as “the village of the Khan,” is one of the ancient settlements of Azerbaijan. In 1923, following the establishment of the Nagorno-Karabakh… pic.twitter.com/090x76HwIv
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 18, 2025