BAKI, 17 aprel. TELEQRAF
"Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyib".
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 17-də Çinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edərkən deyib.
“Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlət başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirib.
Səfir Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini dedi. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.