BAKI, 17 aprel. TELEQRAF
Sloveniyalı həmkarımla görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra bölgədə formalaşan yeni reallıqlar haqqında ətraflı məlumat verdim.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 17-də sloveniyalı həmkarı Tanya Fayonla keçirdiyi mətbuat konfrasında bildirib.
Nazir qeyd edib ki, mart ayında sülh sazişinin mətni üzrə aparılan danışıqlar başa çatıb və bu, Azərbaycanın danışıqlar prosesinin yekunlaşdırılmasına dair haqlı gözləntilərini Ermənistanla bir daha müzakirə etməsinə imkan yaradıb.
Ceyhun Bayramov həmçinin delimitasiya prosesinin davam etdiyini, lakin bölgədə kommunikasiyaların açılması məsələsinin hələ də tam həll olunmadığını diqqətə çatdırıb. Xüsusilə, Naxçıvanla maneəsiz bağlantının hələ də təmin edilməməsi məsələsi də gündəmdə olub.
Nazir vurğulayıb ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə ən ciddi təhlükə yaradan amil – mina problemi də müzakirə olunub.