BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 17-də sloveniyalı həmkarı Tanya Fayonla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iqtisadi sahədə birgə işçi qrupun təsis olunması xüsusi əhəmiyyət daşıyır.
“Görüş zamanı Balkanlarda, Cənubi Qafqazda, o cümlədən regional və beynəlxalq səviyyəli problemlər müzakirə olundu. Son dövrdə təqdirəlayiq inkişaf baş verib. SOCAR şirkəti ilə Geoplin arasında ötən ilin iyulunda imzalanmış sənədi xüsusi qeyd etmək istərdim. Sloveniya Azərbaycanın qaz ixrac etdiyi ölkələr sırasına daxil edilib. Bu, Azərbaycan qaz coğrafiyasının daha geniş miqyasda yayıldığını göstərir”, – C.Bayramov vurğulayıb.