BAKI, 10 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidentinin administrasiyasının ləğv edilmiş qeyri-qanuni işğalçı rejimin bayrağının yerləşdirilməsi məsələsinə toxunub.
Teleqraf xəbər verir ki, ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident bu zəmində sualı cavablandırıb.
Azərbaycanın dövlət başçısı deyib ki, bayraqla bağlı məsələ hamıda təəccüb yaradıb: "Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi – “Dağlıq Qarabağ” adını gördük. Bu, artıq mövcud deyil. Bu, dediyimiz kimi, yalnız erməni revanşistlərin və onlara dəstək verənlərin xəyallarında mövcuddur".
Bu səbəbdən də dövlət başçısı şərhdə həmin ifadənin yer almasını Azərbaycana qarşı təhqir kimi qiytmələndirdiklərini bildirib.
Prezidentin sözlərinə görə, bunun səhv olduğunu düşünməyə imkan verməyən başqa bir amil də var: "Şəkli xatırlayırsınızsa, orada bayraq cırılmış vəziyyətdə idi. Ermənistanın bayrağı olduğunu düşünüblərsə, o zaman niyə cırılmış bayraq şəkli paylaşıblar? Güman ki, o şəkli qoyanların beynində cırılmış bayraq “Artsax” adlanan yerin yaralı olmasına işarə idi. Bu, Azərbaycana bir mesaj idi. Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi. Beləliklə, bununla, sadəcə olaraq, sizə daxili “mətbəximizi” açıqlayıram. Vəziyyəti aydınlaşdırmaq üçün Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. O dedi ki, səhv etmirəmsə, üzr istəməyəcəklər, belədir, Hikmət? (Prezident öz köməkçisi Hikmət Hacıyevə müraciət edir - red.) Beləliklə, bu, digər bir sürpriz oldu. Sonra köməkçim Hikmət Hacıyev Prezident Ştaynmayerin Administrasiyasının rəhbəri ilə əlaqə saxladı".
Azərbaycan tərəfinin israrlarından sonra məsələnin həll olunduğuna diqqət çəkən ölkə başçısı deyib: "Təbii ki, bunu etməməli idilər. Xətrimizə dəymək üçün tamamilə faydasız və mənasız cəhd. Mən tamamilə əminəm ki, Prezident Ştaynmayerin bundan heç xəbəri olmayıb. O, özü bunu mənə dedi. Birincisi, mən ona tam inanıram, çünki ona çox hörmətlə yanaşıram. İkincisi, düzünü desəm, mən də şəkillərimə bir o qədər baxmıram. Səhv bir şey varsa, buna görə kimi günahlandıracağını bilirsən. Ancaq səhv bir şey olsaydı, şübhəsiz ki, müraciət olmadan belə biz üzr istəyəcəkdik".
Azərbaycan Prezidenti eyni zamanda almaniyalı həmkarı ilə münasibətlərindən danışıb: "Prezident Ştaynmayer və mən bir-birimizi çoxdan tanıyırıq, onun xarici işlər naziri olduğu illərdən bəri təmasdayıq, o, bir neçə dəfə buraya səfər edib. Keçən il biz Berlində görüşdük, onunla ünsiyyətdə olmaq çox xoş idi. O, çox bacarıqlı siyasətçi və böyük dövlət xadimidir. Alman xalqı onunla fəxr edə bilər. Səfərin məzmunu və formasına gəldikdə isə mətbuatda əks olunduğu kimi, hamı gördü, çox səmimi, mədəni proqramla müşayiət olunan yaxşı səfər idi. Bizim müxtəlif məsələləri müzakirə etmək üçün kifayət qədər vaxtımız oldu. Əlbəttə ki, işgüzar sahədə əməkdaşlığımızın mahiyyəti çox genişdir və biz bu səfəri, yeri gəlmişkən, Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Beləliklə, hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Ona görə də hesab edirəm ki, bu, həm də ölkələrimizin işgüzar dairələrinə ikitərəfli istiqamətdə daha fəal işləmək üçün yaxşı mesajdır. Həmçinin Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin. Çünki bilirsiniz, Avropa İttifaqında Azərbaycana qarşı çox pis əməllər törədən, heç bir əsası olmadan özünü lider kimi göstərən bir ölkə var. Avropanın aparıcı iqtisadiyyatı, aparıcı siyasi qüvvəsi Almaniyadır. Ona görə də ümid edirəm ki, Avropa İttifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək".