BAKI, 10 aprel. TELEQRAF
"Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur".
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda deyib.
O bildirib: "Biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi.
Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi? Bizim üçün həyat davam edir.
Yeri gəlmişkən, COP29 çərçivəsində Avropa Şurasının Baş katibi Azərbaycana səfər etdi və burada məndən bu təşkilatdan tam çıxmamağı xahiş etdi. Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir.
Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib".
İlham Əliyev bildirib ki, bu dəyişiklik ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə tamamlanıb: "Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir".