BAKI, 10 aprel. TELEQRAF

Ölkə başçısı İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumunda Avropa Şurasının və beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münaqişəndəki rolundan danışıb.

Teleqraf xəbər verir ki, Azırbaycan Prezidenti Avropa Şurasından böyük gözləntilərin olduğunu xatırladıb.

O deyib: "Bizim bu təşkilata qoşulduğumuz dövr mənim xatirimdədir. O zaman mən parlamentin üzvü idim. Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi.

Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir.

Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim yeganə nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu. Orada münaqişə və işğal məsələsi öz əksini tapmışdı. Beləliklə, burada iki fakt var idi. Birincisi, Parlament Assambleyası (AŞPA - red.) əsasən anti-Azərbaycan mövqeyində idi, ikincisi isə ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi".

Prezident onu da qeyd edib ki, Azərbaycanın haqq mübarizəsini dəstəkləmək əvəzinə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə ölkəni cəzalandırmaq qərarına gəlib: "2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil.

Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik".