BAKI, 10 aprel. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev ADA-da keçirilən beynəlxalq forum zamanı Cənubi Qafqaz ölkələrinin imkanlarından bəhs edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı regionda qarşılıqlı münasibətlər qrumaq üçün heç bikr vasitəçiyə ehtiyac olmadığını vurğulayıb.

O deyib: "Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik".