BAKI, 10 aprel. TELEQRAF

Prezident İlham Əliyev Prezident ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana qərəzli münasibətindən danışıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı Avropa Komissiyasının rəhbərinin Özbəkistanda keçirilən Zirvə görüşündəki fikirlərinə münasibət bildirib.

Azərbaycan Prezidenti deyib: "Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır".