BAKI, 16 aprel. TELEQRAF
“Euronews” kanalı mayın 17-22-də Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə reportaj yayımlayıb.
Teleqraf-ın məlumatına görə, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax kanala müsahibəsində bildirib ki, yenidənqurma işləməyən sistemləri yenidən nəzərdən keçirmək üçün bir fürsətdir.
“Artıq tikilmiş olan resurslardan maksimum istifadə etmək həyati əhəmiyyət daşıyır. Bu, iqlim dəyişikliyi baxımından da vacibdir, çünki əlavə tikilən hər bir yeni obyekt emissiyaların artması deməkdir”, - deyə qeyd edib.
Reportajda WUF13-ün ölkələrə təcrübə mübadiləsi aparmaq və dayanıqlı, inklüziv şəhər inkişafını təşviq edən həlləri müzakirə etmək üçün platforma yaratdığı vurğulanıb:
“Ev sahibi ölkə kimi Azərbaycan xüsusilə mənzil tikintisi, post-münaqişə dövründə yenidənqurma və genişmiqyaslı sosial mənzil proqramları üzrə öz təcrübəsini bölüşür.
Azərbaycanda mənzil tikintisi eyni zamanda yenidənqurma və dayanıqlı şəhərlərin uzunmüddətli planlaşdırılması ilə sıx bağlıdır”.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, burada məqsəd sadəcə evlər tikmək deyil, həm də insanlarda aidiyyət hissi yaratmağa, dayanıqlı icmalar üçün zəmin formalaşdırmaqdır:
“Mənzil siyasəti bizim üçün yalnız insanları evlə təmin etmək deyil, eyni zamanda onlara dayanıqlı iş yerləri, layiqli həyat və sosial həyatla yanaşı iqtisadi imkanlar təqdim edən güclü icma yaratmaq deməkdir”.
“Euronews” həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə qayıdan vətəndaşların da fikrini öyrənib. Öz doğma yurdlarına köçən sakinlər onlar üçün yaradılan əlçatan, müasir tələblərə cavab verən şəraitdən məmnunluğunu bildirib.
Böyük Qayıdış proqramı barədə danışan Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, yenidənqurma işləri zamanı müəyyən çətinliklər olub:
“Əsas çətinlik vaxt məsələsi, eləcə də mənzillərin, əmlakın və obyektlərin tikintisinin təşkili idi. Hazırda isə Şuşada artıq 1400 nəfər, yəni təxminən 377 ailə yaşayır”.
Sonda Forumun dünyanın hər yerindən iştirakçıları şəhərlərin gələcəyi və inklüziv inkişaf barədə müzakirələrə dəvət etdiyi və bunun hamı üçün mənzil təminatının necə reallığa çevrilə biləcəyi ilə bağlı qlobal dialoqa qoşulmaq imkanı olduğu diqqətə çatdırılıb.