BAKI, 7 sentyabr. TELEQRAF

Daşqınların, sürüşmələrin intensivləşməsi və dağ buzlaqlarının əriməsi planetdə baş verən proseslərin bir-biri ilə əlaqəli olduğunu göstərir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində “Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, ayrı-ayrı təbii fəlakətlərin statistikası kimi görünən bu hadisələrə qlobal və uzunmüddətli dinamika çərçivəsində baxdıqda daha mühüm mənzərə ortaya çıxır:

“Yer kürəsinin iqlim sistemi dəyişir və bu dəyişiklikdə insan fəaliyyətinin yaratdığı antropogen təsirlər mühüm rol oynayır. İqlim dəyişmələrinin əsas hərəkətverici qüvvələrindən biri insan fəaliyyətidir. Enerji istehsalı, sənaye, nəqliyyat, meşələrin məhv edilməsi və torpaqlardan istifadədə baş verən dəyişikliklər planetin istilik balansına təsir göstərir”.

S.Qurbanov müharibələrin yaratdığı ekoloji yükə də diqqət çəkib:

“Silahlı münaqişələr iqlim böhranını dərinləşdirən, eyni zamanda iqlim risklərinə qarşı dayanıqlığı zəiflədən amillərdən biri kimi qiymətləndirilməlidir”.

O qeyd edib ki, insan artıq təbiətdə baş verən proseslərin yalnız müşahidəçisi deyil, planetin fiziki və ekoloji sistemlərinə genişmiqyaslı təsir göstərən əsas amillərdən biridir.