2026-cı il oktyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərinin Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi mərkəzi “Schuman” meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri aksiya keçirib. Bu aksiya ötən gün Brüsseldə - Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanındakı aksiyanın davamı olub.
Teleqraf xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Aksiyada vurğulanıb ki, Ermənistan 4010 nəfər azərbaycanlı itkinin taleyinə hələ də aydınlıq gətirməyib, onlar barədə məlumatları gizlətməkdə davam edir. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərlə bağlı informasiyaların xüsusi önəmi diqqətə çatdırılıb.
Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, beynəlxalq münasibətlərdə anaxronizm və atavizm nümunəsi kimi qəbul edilən Avropa Parlamentinin bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmadığını bildiriblər.