İSRAİL, 21 oktyabr. TELEQRAF

Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan 18 nəfərlik birgə nümayəndə heyəti İsrailə səfər çərçivəsində Nir Oz kibbutzunda və “Nova” Festivalı Qurbanlarının Xatirə Abidəsində olub.

Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətinin üzvləri kibbutzla tanış olarkən onlara 2023-cü il oktyabrın 7-də baş vermiş hücum zamanı ailə üzvlərini itirən Rita Haukilahti Lifşits bələdçilik edib.

R.Lifşits bildirib ki, o, təsadüfən nəvəsi ilə birlikdə hücumdan 10 saat əvvəl kibbutzu tərk edib. Onun sözlərinə görə, qayınatası Oded Lifşits və qayınanası Yoçeved Lifşits HƏMAS-ın hücumu zamanı girov götürülərək Qəzza zolağına aparılıblar. Yoçeved Lifşits 17 gün sonra azad edilsə də, Oded Lifşitsin meyiti dörd ay sonra geri qaytarılıb.

Nümayəndə heyəti daha sonra 7 oktyabr hücumları zamanı “Nova” musiqi festivalında həyatını itirənlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada iştirakçılar hücumdan sağ çıxan Daria Petrovla söhbət ediblər.

D.Petrov hücum zamanı necə sağ qaldığı barədə danışıb. O bildirib ki, musiqi festivalından qaçdıqdan sonra dostu ilə birlikdə saatlarla bir kolun altında gizlənib. Həmin vaxt silahlı hücumçular ərazidə dolaşıblar. Əsgərlər tərəfindən xilas edildikdən sonra D.Petrov rəfiqələrindən biri olan İnbarın öldürüldüyünü öyrənib.

D.Petrov hazırda öz hekayəsini ekskursiyalar və mühazirələr vasitəsilə insanlarla bölüşdüyünü qeyd edib.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən ümumilikdə 18 mütəxəssis daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti İsraildə innovasiya, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və səhiyyə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkət və qurumlarla görüşlər keçirir.