BAKI, 22 oktyabr. TELEQRAF
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, regionlarda vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir. Ətraflı məlumatı ailə həkimlərindən almaq mümkündür.
"Bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.
Peyvəndlənmə xüsusilə risk qrupunda olanlara - 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.
Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.