BAKI, 21 oktyabr. TELEQRAF

Çar Rusiyası dövründə Bakıda neft sənayesinin sürətli inkişafı şəhəri beynəlmiləl bir məkana çevirmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində burada ruslarla yanaşı amerikalılar, ingilislər, skandinaviyalılar, polyaklar, yəhudilər və digər xalqların nümayəndələri yaşayır və fəaliyyət göstərirdilər. Belə bir mühitdə yaşayan ailələrdən biri də sonralar ABŞ-də tanınmış rəssama çevrilmiş Nahum Tschacbasovun ailəsi idi.

Tschacbasov 31 avqust 1899-cu ildə Bakıda yəhudi ailəsində doğulmuş, səkkiz yaşında ABŞ-yə köçmüş və sonrakı həyatını bu ölkədə keçirərək Nyu-Yorkun modernist sənət mühitinin iştirakçılarından birinə çevrilmişdi. ABŞ sənət qurumlarının məlumatlarında onun adı həmçinin Nahum Lichter, Nahum Tschakbassoff, Nathan Richter, H. H. Richter, Hanathan Richter və Nathan Lichterman kimi formalarda qeyd edilib.

Nahum Tschacbasov 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Çikaqoda böyüyüb. Uşaqlıq və gənclik illəri bu şəhərdə keçib. Rəssamlığa başlamazdan əvvəl biznes və mühasibatlıq sahəsində çalışıb. Birinci Dünya müharibəsi illərində ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib; sonrakı bioqrafik məlumatlarda onun Şotlandiyadakı Scapa Flow bölgəsində xidmət etdiyi göstərilir.

1930-cu illərin əvvəllərində Tschacbasov sənət təhsilini davam etdirmək üçün Avropaya gedib. Parisdə Leopold Gottlieb, Marcel Gromaire və Fernand Leger ilə çalışıb. 1934-cü ildə Parisdə Galerie Zak onun Majorca səfərindən yaratdığı mənzərələrdən ibarət fərdi sərgisini təşkil edib. Həmin dövrdə onun əsərləri Salon des Tuileries-də də nümayiş etdirilib. Avropa səfərindən sonra ABŞ-yə qayıdan Tschacbasov Nyu-Yorkda məskunlaşıb və burada modernist rəssamlar çevrəsinə daxil olub.

1935-ci ildə Tschacbasov Nyu-Yorkun sənət mühitində daha fəal mövqe tutub. O, Works Progress Administration-ın Federal Art Project proqramının Easel Division bölməsində çalışıb. Bu dövrdə sosial problemlərə və əməkçi insanların həyatına yönələn sənət mühiti ilə yaxınlaşıb. Onun ətrafında Milton Avery, Philip Evergood, William Gropper, Raphael və Moses Soyer qardaşları, David Burliuk, Max Weber və başqa sənətkarlar yer alıb. Tschacbasovun yaradıcılığında sosial ədalətsizlik, miqrant həyatı və Böyük Depressiyanın yaratdığı iqtisadi çətinliklər bu illərdə daha qabarıq şəkildə özünü göstərib.

1935-ci ildə yaradılmış “The Ten” ekspressionist rəssamlar qrupunun üzvlərindən biri də Tschacbasov olub. Qrupun tərkibində Mark Rothko, Adolph Gottlieb, Ilya Bolotowsky, Louis Harris, Yankel Kufeld, Louis Schanker, Joseph Solman və Ben-Zion kimi sənətkarlar yer alıb. Qrupun məqsədi əsas sənət qalereyalarında üstünlük təşkil edən ənənəvi və regionalist istiqamətlərdən kənarda öz əsərlərini nümayiş etdirmək və modernist sənətin mövqelərini gücləndirmək olub.

“The Ten”in ilk sərgiləri Nyu-Yorkdakı Montross Gallery və digər məkanlarda keçirilib. Tschacbasov sosial məzmun məsələsinə digər üzvlərdən daha ciddi yanaşıb. Onun əsərlərində işsizlik, yoxsulluq, mühacir həyatı və sosial ədalətsizlik kimi mövzular öz əksini tapıb. Lakin sonrakı illərdə qrup daxilində yaranan fikir ayrılıqları nəticəsində Tschacbasov “The Ten”dən uzaqlaşıb.

“Deportation”un qazandırdığı uğur

Tschacbasovun yaradıcılığının erkən mərhələsində ekspressionizm və sosial yönümlü təsvir əsas yer tutub. Smithsonian American Art Museum onun üslubunu ekspressionist və rəngarəng kimi xarakterizə edib. Rəssam 1930-cu illərdə sosial mühitə müraciət etsə də, 1940-cı illərdən etibarən yaradıcılığında sürrealist və psixoloji elementlərin çəkisi artıb. Onun əsərlərində insan fiqurları, heyvanlar, quşlar, mifoloji obrazlar və fantastik səhnələr getdikcə daha mühüm yer tutmağa başlayıb.

1936-cı ildə yaratdığı “Deportation” əsəri Tschacbasovun sosial mövzulu yaradıcılığının diqqətəlayiq nümunələrindən biri olub. Əsər hazırda Metropolitan Museum of Art-ın kolleksiyasında saxlanılır. Muzeyin kolleksiyasında rəssamın 1947-ci ildə yaratdığı “The Black Bird” və digər qrafik əsərləri də qorunur.

Tschacbasovun əsərləri 1930-cu illərin ikinci yarısından etibarən Whitney Museum of American Art-ın mühüm sərgilərində nümayiş etdirilib. Onun adı 1936-cı il Third Biennial Exhibition of Contemporary American Painting sərgisində, həmçinin 1937 və 1938-ci illərin Annual Exhibition of Contemporary American Painting sərgilərində yer alıb. Sonrakı illərdə də Whitney-də sərgilənən Tschacbasovun əsərləri muzeyin kolleksiyasına daxil edilib. “The Clown” (1948) və “The Matriarch” (1949) bu kolleksiyada saxlanılan əsərləri arasındadır.

1940-cı illərdə Tschacbasovun yaradıcılığında yeni istiqamət formalaşıb. O, sosial satira və ekspressionist təsvirlə yanaşı, sürrealizm, kubizm və psixoloji obrazlardan istifadə etməyə başlayıb. Onun sonrakı əsərlərində real dünya ilə xəyal, mif və şüuraltı arasında əlaqə qurulub. Bu mərhələdə rəssamın əsərləri daha mürəkkəb simvolik dil qazanıb və insan psixologiyası onun yaradıcılığının əsas mövzularından birinə çevrilib.

Tschacbasov 1930–1940-cı illərdə ABŞ-nin solçu mədəniyyət dairələri ilə də sıx əlaqədə olub. ABŞ Konqresinin 13 may 1947-ci il tarixli Congressional Record nəşrində onun Brooklyn-də Kommunist Partiyası ilə əlaqəli Abraham Lincoln Branch təşkilatına rəsm bağışladığı göstərilib. Həmin sənəddə Tschacbasovun “New Masses” jurnalında rəssam və karikaturaçı kimi fəaliyyət göstərdiyi, 1937–1938-ci illərdə jurnalın müxtəlif saylarında əsərlərinin dərc edildiyi və 1941–1942-ci illərdə jurnalın incəsənət hərraclarına əsərlərlə töhfə verdiyi qeyd olunub.

Onun solçu sənət mühiti ilə əlaqəsi yalnız “New Masses”lə məhdudlaşmayıb. 1930-cu illərdə fəaliyyət göstərən WPA və American Artists School kimi qurumlar sosial məzmunlu sənətin inkişafında mühüm rol oynayıb. Tschacbasov da bu çevrədə həm rəssam, həm də müəllim kimi fəaliyyət göstərib. Sonrakı illərdə Art Students League-də dərs deyib və burada özünəməxsus sənət yanaşmasını tələbələrinə ötürüb.

Rəssamın mirası

Tschacbasovun müəllimlik fəaliyyəti bir sıra sonrakı Amerika rəssamlarının yaradıcılığına da təsir göstərib. Məsələn, sonradan tanınmış rəssama çevrilmiş Fritzie Abadi 1946-cı ildə Art Students League-də onun yanında təhsil alıb və Tschacbasovu əsas müəllimi kimi qəbul edib. Tschacbasov sonrakı dövrdə Woodstockda öz sənət məktəbini də yaradıb.

Rəssamın yaradıcılıq irsi Smithsonian Archives of American Art-da da qorunub. Arxivdə onun 1936–1963-cü illər arasında yaratdığı əsərləri əks etdirən 200 rəngli slayddan ibarət kolleksiya saxlanılır. Bu materiallar 1972-ci ildə Tschacbasov tərəfindən arxivə bağışlanıb. Tschacbasov 1940–1950-ci illərdə ABŞ-nin müxtəlif şəhərlərində fərdi və qrup sərgilərində iştirak edib. Əsərləri Whitney Museum-dan başqa Pennsylvania Academy of the Fine Arts, Art Institute of Chicago, Corcoran Gallery və digər mühüm sənət müəssisələrində nümayiş etdirilib. Metropolitan Museum of Art 1940-cı illərin ortalarında onun “Deportation” əsərini kolleksiyasına daxil edib. National Gallery of Art isə onun qrafik irsindən bir sıra əsərləri, o cümlədən “Profile #2” (1953) və “Audrey Macmahon” (1947) kimi işləri kolleksiyasında saxlayır.

Tschacbasov sonrakı illərdə də rəssamlıqla məşğul olmağa davam edib. 1950-ci illərdən etibarən Amerika sənətində abstrakt ekspressionizmin sürətlə ön plana çıxması ilə onun yaradıcılığı əvvəlki dövrlə müqayisədə daha az diqqət cəlb edib. Buna baxmayaraq, o, 1970–1980-ci illərə qədər məhsuldar şəkildə işləyib, rəsm və qrafika ilə yanaşı şeir və digər ədəbi mətnlər də yazıb. 1982-ci ildə Southampton College Press tərəfindən onun “Machinery of Fright” adlı illüstrasiyalı şeir kitabı nəşr edilib. Kitaba rəssamın şeirləri ilə yanaşı özünün hazırladığı rəsmlər və qravürlər də daxil edilib.

Tschacbasovun yəhudi mənşəyi də onun Amerika sənət mühitindəki mövqeyinin mühüm cəhətlərindən biri olub. 1935-ci ildə formalaşmış “The Ten” qrupunun üzvlərinin əksəriyyəti Şərqi Avropadan gəlmiş yəhudi mənşəli sənətkarlar olub. Tschacbasov da bu çevrənin üzvlərindən biri kimi Amerika yəhudi modernizminin inkişafında iştirak edib. Onun əsərləri sonrakı dövrdə yəhudi sənəti ilə bağlı sərgilərdə də nümayiş etdirilib.

Nahum Tschacbasov 1984-cü ildə Nyu-Yorkda vəfat edib. Onun ölümündən sonra əsərləri müxtəlif sərgilərdə yenidən nümayiş etdirilib və irsi Amerika sənət tarixinin tədqiqat predmetlərindən birinə çevrilib. Smithsonian American Art Museum, Metropolitan Museum of Art, Whitney Museum of American Art və National Gallery of Art kimi ABŞ-nin aparıcı sənət müəssisələrinin kolleksiyalarında onun əsərlərinin qorunması Tschacbasovun Amerika modernizmi tarixindəki yerinin sənədləşdirilməsinə imkan verib.