BAKI, 2 sentyabr. TELEQRAF
“Mina fəaliyyəti hərtərəfli humanitar və inkişaf yönümlü bir proses kimi nəzərdən keçirilməlidir. Bu proses mina təhlükəsinin aradan qaldırılması ilə başlayır, lakin bununla bitmir”.
Teleqraf xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O bildirib ki, əsas məqsəd mina təhlükəsindən zərər çəkmiş insanların cəmiyyətdə tam və bərabərhüquqlu iştirakını təmin etməkdir.
“Azərbaycanın yanaşması aydındır: heç bir müharibə qurbanı diqqətdən kənarda qalmamalıdır. Məqsədimiz yalnız yardım göstərmək deyil. Biz insanların sağ qalmaq mərhələsindən reabilitasiyaya, reabilitasiyadan müstəqilliyə, müstəqillikdən isə cəmiyyətdə tam iştiraka aparan hərtərəfli və dayanıqlı yolunu təmin etməyə çalışırıq.
Bu sahədə sistemli səylərimizi davam etdirməyə, milli və beynəlxalq əməkdaşlığı daha da gücləndirməyə sadiqik.
Mina qurbanlarının və onların ailələrinin müdafiəsi və sosial-iqtisadi inteqrasiyası Azərbaycan dövlət siyasətinin mühüm prioritetlərindən biri olaraq qalacaq.
Əminəm ki, beynəlxalq həmrəyliyin gücləndirilməsi, təcrübə mübadiləsi və praktiki əməkdaşlıq vasitəsilə daha böyük irəliləyiş əldə edə və elə bir gələcəyə doğru addımlaya bilərik ki, daha çox mina qurbanı qorxu içində yaşamaq məcburiyyətində qalmasın, təhlükəsiz şəkildə öz doğma yerlərinə qayıda bilsinlər", - nazir müavini vurğulayıb.