BAKI, 2 sentyabr. TELEQRAF
Sentyabrın 3-4-də İrəvanda Ermənistan və Türkiyənin biznes nümayəndələrinin iştirakı ilə ikigünlük forum keçiriləcək.
Teleqraf xəbər verir ki, forum Ermənistan Sənayeçilər və İş Adamları İttifaqı tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” proqramı çərçivəsində təşkil olunacaq.
Ermənistan Sənayeçilər və İş Adamları İttifaqı bildirib ki, tədbirin məqsədi Ermənistan və Türkiyənin biznes və dövlət qurumlarının nümayəndələrini vahid platformada bir araya gətirərək iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək, qarşılıqlı fəaliyyətin yeni istiqamət və formatlarını müəyyənləşdirmək, həmçinin yeni biznes əlaqələri və tərəfdaşlıqların qurulmasını təşviq etməkdir.
Tədbir çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlıq potensialı, biznes əlaqələrinin inkişafı və sərhədyanı əməkdaşlıq imkanları ilə bağlı müzakirələr və görüşlər keçiriləcək. Xüsusilə, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin imkanları və mövcud maneələrlə bağlı araşdırmanın nəticələri təqdim olunacaq, Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığında növbəti addımlar mövzusunda panel müzakirəsi keçiriləcək. Həmçinin iki ölkənin iş adamları arasında ikitərəfli (B2B) görüşlər çərçivəsində İT və turizm sektorlarının nümayəndələri arasında təmaslar olacaq.
Xatırladaq ki, Ermənistan və Türkiyənin biznes nümayəndələrinin iştirakı ilə əvvəlki forum iyunun 2-də Qarsda keçirilmişdi.