BAKI, 2 sentyabr. TELEQRAF

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir. Həmçinin ali məktəblərin boş qalan yerlərinə və 11 illik bazadan kolleclərə qəbul üçün ixtisas seçimi bu gün başa çatır.

Məlum olduğu kim, bu il ali təhsil müəssisələrinə müsabiqədə iştirak edən 87 146 nəfərdən 58 947-si (o cümlədən 4 215 subbakalavr) tələbə adını qazanıb. Ali məktəblərin qəbul planı ilk mərhələdə 97.07% dolub. Dövlət sifarişli yerlərdə ballar kəskin qalxdığı üçün bir çox abituriyentlər istəməsələr də ödənişli yerləri yazmalı olublar.

Müsabiqə mübarizəsinin gərgin olması və plan yerlərinin əvvəlcədən dolacağı proqnozu III ixtisas qrupunda subbakalavrların şanslarını sıfıra endirib. Müsabiqə nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazanıblar. Yəni bu qrupda subbakalavr qəbulu qeydə alınmayıb. Həmçinin bu il 500-600-dən çox bal toplayan bir çox abituriyentlər qəbuldan kənarda qalıblar.

Bəs bunun səbəbi nədir? Boş qalan plan yerləri turunda qəbul ola bilməyən yüksək bal toplamış şəxslər və subbakalavrların şansı necə olacaq? Onlar bu dəfə qəbul olmaq üçün hansı addımı atmalıdırlar? Bu il universitetlərin təhsil haqları real cibə uyğundurmu?

Mövzu ilə bağlı Teleqraf-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, 600-dən yuxarı bal toplamasına rəğmən 30-a yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Onların çoxu 4-cü qrup abituriyentlərdir:

“Bəziləri tibb ixtisasını istədikləri üçün, yalnız tibb ixtisasını yazdıqlarına görə qəbul ola bilməyiblər. Düşünüblər ki, tibbə düşməsək, növbəti il hazırlaşarıq. Bəziləri də keçən ilin tibb ixtisasının balına baxıb və həmin bal az olduğuna görə arxayınlaşıb ki, qəbul asan olacaq. Beləliklə, həmin ixtisası yazıb, başqa heç nə yazmayıb. Amma bildiyiniz kimi bu il tibb ixtisasının balı təxminən 15 bal qalxdı. Bu da həmin gənclərin ali təhsil müəssisələrindən kənarda qalmasına gətirib çıxardı”.

Balların artdığı və azaldığı ixtisaslar...

Təhsil eksperti bildirib ki, ali məktəbə qəbulda əsas faktor tələbənin öz balına uyğun düzgün seçim etmək bacarğıdır:

“Birinci ixtisas qrupunda riyaziyyat-informatika və riyaziyyat-kimya altqruplarında təxmini 350-dən yuxarı ballarda demək olar ki, düşüş oldu. Mərhələli olaraq 5-20 bal, bəzi ixtisaslarda 25-30 bala qədər balların düşməsinə gətirib çıxardı. Aşağı ballarda isə müəyyən çətinliklər yarandı. Xüsusilə, riyaziyyat-informatika alt qrupunda aşağı ballarda ciddi artım baş verdi. Özəl universitetlərdə belə ballar təxmini 30-40 bal ətrafında artdı. Məsələn, keçən il 240-250 balla özəl universitetlərdə riyaziyyat-informatika altqrupu üzrə kompüter yönümlü ixtisaslarda pulsuza düşən şagirdlər bu il 280-dən yuxarı bal toplayaraq həmin ixtisasların pulsuzuna düşmək imkanı əldə etdilər.

İkinci ixtisas qrupunda da eyni şəkildə yuxarı ballarda təximini 20 bala qədər düşüş oldu. Aşağı ballarda qəbul çox da çətin olmadı. Aşağı ballarda bəzi ixtisaslarda balların cüzi bir şəkildə 5-10 bal aralığında artdı. Xüsusilə rus bölməsində müəyyən artım müşahidə olundu.

Üçüncü ixtisas qruplarında, dil və tarix, yəni DT alt qrupunda yuxarı ballarda ballar düşdü. Xüsusilə, ballar hüquq ixtisasında düşdü. Aşağı ballarda isə ciddi mübarizə özünü göstərdi. Çünki qəbul olmayanların əksəriyyəti üçüncü ixtisas qrupundan olan abituriyentlər idi. Ciddi bir şəkildə 6 min ətrafında abituriyentin qəbul olmadığını gördük.

Üçüncü ixtisas qrupunda TC altqrupunda vəziyyət daha gərgin idi. Burda təxmini 40-50, bəzi ixtisaslar üzrə 70-80 bala yaxın ballar artdı. Xüsusilə də, beynəlxalq münasibətlər ixtisası üzrə dövlət sifarişli əsaslı plan yerlərində artımı müşahidə etdik.

Dördüncü ixtisas qrupunda tibb ixtisasında balların artdığının şahidi olduq. Xüsusilə, ötən ilə nisbətən 15 bal ətrafında artım olduğunun şahidi olduq. Həmçinin digər ixtisaslarda da 5, 10, 15 bal ətrafında artdı.

Beşinci ixtisas qrupunda dizayn və idman ixtisaslarında balların az da olsa düşdüyünü müşahidə etdik. Ballarln düşməsi gözlənilən idi. Çünki ümumi olaraq buraxılış imtahanı çətin idi. Əlbəttə, buraxılış imtahanının çətin olması balların aşağı düşməsinə təsir göstərir və elə də oldu”.

Bu, DİM-in ayrıca bir siyasəti idi

Ramin Nurəliyev ümumi analiz edildiyi təqdirdə boş qalan plan yerlərinin sayının az olmasını 150 ballıq əlavə ixtisasların sayının artırılması ilə əlaqələndirib:

“Bu il keçən ilə nisbətən boş qalan plan yerlərinin sayı azaldı. Çünki keçən il 3 mindən yuxarı boş qalan yer var idi. Sayın azalmasına əsas səbəb birinci və ikinci ixtisas qruplarında 150 ballıq ixtisasların sayına əlavələrin olunması idi. İllərlə birinci və ikinci ixtisas qruplarında rahat şəkildə ali təhsil müəssisələrinə subbakalavr kimi qəbul olan gənclərimizin bu il qəbul ola bilməməsinə əsas səbəb məhz Dövlət İmtahan Mərkəzinin qəbul prosesinə 10 gün qalmış verdiyi qərar təsir etdi. 150 ballıqların sayının artırılması subbakalavrların qəbulunu məhdudlaşdırdı.

Amma aşağı ballı birinci və ikinci ixtisas qrupu abituriyentlərinin qəbul olmasına daha çox şərait yarandı. Çünkü qaydaya görə, abituriyentlərin qəbul olduqdan sonra boş qalan yerlər subbakalavrlara verilir. Həmin ixtisaslar 150 ballıqlara verildiyi üçün 150 ballıq abituriyentlər o ixtisaslara "hücum çəkdi". Əlavə ixtisaslar artdığı təqdirdə, həmin balı toplayan abituriyent blok imtahanında 100 bal toplaya bilməyən abituriyentlərin seçim imkanları çoxalmış olur. İmkanlar çoxaldığı təqdirdə boş qalan yerlərin sayı azalır, dolmuş olur. Beləliklə, həmin ixtisaslar tutuldu, subbakalavrlar üçün boş yer qalmadı. Bu da Dövlət İmtahan Mərkəzinin (DİM) ayrıca bir siyasəti idi.

Ümumiyyətlə, bu il subbakalavrların qəbulu çox çətin oldu. Əksər subbakalavrlar qəbul ola bilmədilər. Mən burdan çıxış edərək qeyd etmək istəyərdim ki, kolleclərdə qəbul prosesini davam etdiririksə və uşaqların qəbulunu kollecə yazırıqsa, subbakalavrlar üçün də ali təhsil müəssisələrində ixtisaslar yaradılmalıdır. Ayrıca bir ixtisaslar olmalıdır. Subbakalavrların, kolleclərə qəbul olan uşaqların da hüquqları qorunmalıdır. DİM-ə təklifim bu yöndədir”.

Gələcəkdə bu ixtisaslar ixtisara düşəcək

Ekspert süni intellektin təsiri nəticəsində bəzi ixtisaslarda gələcəkdə müəyyən problemlərin formalaşacağı və ixtisarlar olacağı barədə də danışıb:

“Gələcək perspektivi olan, süni intellektin o qədər də təsir edə bilmədiyi ixtisaslar haqda da danışmaq olar. Xüsusilə, kənd təsərrüfatı ixtisaslarını süni intellektin o qədər də təsir etməyəcəyi sahə kimi qiymətləndirirəm. Bəzi ixtisaslar ixtisar olunduqda həmin mütəxəssislər iş yeri axtaracaqlar. Bu iş yeri isə kənd təsərrüfatı sahəsi ola bilər. Onlar məcburiyyət qqarşısında kənd təsərrüfatına yönələcəklər. Yaxın gələcəkdə, 5-10 il ərzində kənd təsərrüfatı sahələrinə tələbatın çoxalacağını düşünürəm. Əkinçilik, xüsusilə maldarlıq, arıçılıq sahəsində tələbatın çoxalacağını ehtimal edirəm”.

Təhsil eksperti Elçin Əfəndi isə açıqlamasında bildirib ki, birinci turda qəbul ola bilməyən abituriyentlər mütləq diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, abituriyentlər daha real qəbul imkanları olan istiqamətlərə üz tutmalıdırlar:

“Bu il hüquq, beynəlxalq münasibətlər, informasiya texnologiyaları və tibb kimi sahələrə güclü axın bir neçə il sonra əmək bazarında bu istiqamətdə çoxsaylı ixtisaslı kadrların olacağını deməyə əsas verir. Amma iş imkanları bir o qədər olmaya bilər. Bizim hazırda daha çox kənd təsərrüfatı yönümlü ixtisas sahələrinə və bu ixtisas sahələrini bitirmiş kadrlara ehtiyacımız var. Buna görə abituriyentlər yaxşı olar ki, gələcəkdə kənd təsərrüfatı yönümlü ixtisaslara üstünlük versinlər”.

Elçin Əfəndi vurğulayıb ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında təxminən 29 min nəfərə yaxın abituriyent məzunumuz birbaşa dövlət sifarişinə qəbul olub:

“1000 nəfərdən çox abituriyent isə dövlət hesabına təhsil alacaq. Ümumilikdə həm sosial statusu olanları, həm də birbaşa dövlət sifarişli və dövlət hesabı qəbulu nəzərə alsaq, təxmini 34-35 min nəfərə yaxın abituriyent pulsuz təhsil imkanı qazandı”

Dövlət başçısı təhsilin əlçatanlığını diqqətdə saxlayırsa, universitetlər də bunu nəzərə almalıdırlar

Elçin Əfəndi bəzi universitetlərdə ilik təhsil haqqında artım olmasından da söz açıb:

“Bu il bəzi universitetlərdə minimal 100 manat, bəzilərində isə hətta 400-500 manat artım qeydə alınmışdı. Bu da valideynlərin ödənişlə bağlı tərəddüdlə üzləşə biləcəklərini deməyə əsas verir. Hətta düşünürəm ki, bəzi universitetlərdə təqdim olunan qiymətlər mövcud təhsil keyfiyyətini nəzərə alsaq, bir o qədər də uyğun deyil. Yəni faktiki təhsil real ciblə uyğunlaşmır.

Cənab Prezident vətəndaşlarımız üçün təhsilin əlçatanlığının təmin olunması baxımından müvafiq sərəncamlar, tapşırıqlar verilir. Onlardan biri də Təhsil Tələbə Krediti Fondudur. Bu kreditdən həm sosial, həm də standart kredit olmaqla faydalana bilərlər. Düşünürəm ki, bu kimi qərarlar universitetləri də düşünməyə vadar etməlidir. Dövlət başçısı təhsilin əlçatanlığının təmin olunmasını diqqətdə saxlayırsa, ali təhsil müəssisələri də valideynlərin həmin ödənişləri ödəyə bilməsi imkanlarını nəzərə almalıdırlar”.