BAKI, 2 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra Ermənistan iqtisadiyyatına dəstək məqsədilə Ermənistan istehsalı məhsullar üçün müvəqqəti güzəşt tədbirlərinin tətbiqinə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

“Bu tədbirlər Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizini liberallaşdıracaq. Bu güzəştli rejim müəyyən şərtlərlə müşayiət olunur və idxalın Aİ istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarını qorumaq üçün müdafiə tədbirlərini də nəzərdə tutur.

Şura Komissiyanın təklifini dəyişiklik etmədən təsdiqləyib və bununla da Avropa Parlamentinin də təklifi dəyişikliksiz təsdiqləyəcəyi gözlənildikdən sonra qaydanın sürətlə qəbul edilməsi üçün yol açılıb”, - şuradan bildirilib.

İrlandiya xarici işlər və ticarət naziri Helen MakEnti isə qeyd edib ki, Avropa İttifaqı onunla daha sıx əməkdaşlıq yolunu seçmiş Ermənistanın yanındadır: “Bugünkü qərar aydın mesaj verir: iqtisadi təzyiqlərlə üzləşdikdə Aİ buna cavab verəcək. Biz yeni imkanlar yaradacaq və tərəfdaşlarımızın yanında olacağıq”.