BAKI, 2 sentyabr. TELEQRAF
Azərbaycan NATO-nun çox mühüm tərəfdaşlarından biridir və bizim dərin və uzunmüddətli əməkdaşlığımız var.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri Eirini Lemos-Maniati Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
“Əminəm ki, gələcəkdə də ikitərəfli əməkdaşlıq çərçivəsində daha çox layihə həyata keçirilə bilər.
Bu vəzifəni icra etməyə başladığım vaxtdan müşahidə etdiyim tendensiyalardan biri də budur ki, minatəmizləmə sahəsində ekspertiza və təcrübə NATO müttəfiqlərində olduğu qədər NATO tərəfdaşları olan ölkələrdə də mövcuddur.
Düşünürəm ki, bu ekspertiza və təcrübənin tərəfdaşlar arasında getdikcə daha geniş şəkildə bölüşdürülməsi regional və beynəlxalq təhlükəsizlik baxımından böyük fayda verə bilər”, - NATO rəsmisi bildirib.
O əlavə edib ki, potensiallar inkişaf etdikcə və ANAMA-nın özünün texniki ekspertizası, eləcə də bu bilik və təcrübəni ölkə hüdudlarından kənarda paylaşmaq istəyi nəzərə alındıqda, əminəm ki, bu əməkdaşlıq daha da güclənəcək:
“Biz Azərbaycanla, eləcə də onilliklər ərzində formalaşmış zəngin ekspertiza və təcrübəyə malik ANAMA ilə bu mühüm əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”.