BAKI, 2 sentyabr. TELEQRAF

İnsan itkisi, iqtisadi və sosial yük baxımından mina çirklənməsindən ən çox yerli icmalar əziyyət çəkir.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri Eirini Lemos-Maniati Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

NATO rəsmisi mina fəaliyyətinin yalnız ərazilərin minalardan təmizlənməsi və statistik göstəricilərlə qiymətləndirilməməli olduğunu bildirib.

O qeyd edib ki, mina fəaliyyəti təhlükəsiz qayıdış, yenidənqurma, ərzaq təhlükəsizliyi, etimadın formalaşdırılması və uzunmüddətli sabitlik üçün vacib təməldir:

“NATO-nun mina fəaliyyəti sahəsində əsas vasitələri siyasi dialoq, praktiki əməkdaşlıq və tərəfdaşlıqlardır.

Metod dəyişməz olaraq qalır: tərəfdaşları, beynəlxalq təşkilatları, icraçı qurumları və ekspertləri bir araya gətirir, təcrübə mübadiləsi aparır, ehtiyacları müəyyənləşdirir, fəaliyyətlərin təkrarlanmasının qarşısını alır və daha əlaqələndirilmiş tədbirləri dəstəkləyirik”, - NATO rəsmisi vurğulayıb.

O bildirib ki, təşkilatın bu sahədəki fəaliyyətini dörd əsas istiqamətdə nəzərdən keçirmək olar. Bunlar dialoq və məlumat mübadiləsi üçün platformanın yaradılması, praktiki layihələrin həyata keçirilməsi, uzunmüddətli potensialın gücləndirilməsi və regional yanaşmaların əlaqələndirilməsidir.

NATO rəsmisi Azərbaycanda həyata keçirilən layihələrə də toxunub. Onun sözlərinə görə, 2018-ci ildə Ceyrançöldə keçmiş sovet hərbi sınaq və təlim poliqonunun minalardan təmizlənməsi üzrə işlər başa çatdırılıb və ərazinin kənd təsərrüfatının inkişafı üçün istifadəsi təmin edilib:

“Hazırda isə NATO-nun “Sülh naminə elm” proqramı çərçivəsində mina fəaliyyəti üçün əhəmiyyətli olan yeni texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq həyata keçirilir.

ANAMA Böyük Britaniya və Ukraynanın universitetləri ilə birlikdə “MineSensa” adlandırdığımız layihədə iştirak edir. Bu layihə minaların məsafədən kimyəvi aşkarlanması texnologiyasını inkişaf etdirir”, - deyə o bildirib.

NATO rəsmisi qeyd edib ki, sensor texnologiyası təhlükəsiz məsafədən minaların buraxdığı mikroskopik kimyəvi izləri müəyyən etmək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, daha etibarlı aşkarlama texnologiyaları minatəmizləyicilər üçün riskləri azalda və daha aşağı qiymətli sensorların geniş miqyasda istehsalına imkan yarada bilər.