BAKI, 2 sentyabr. TELEQRAF
“Türkiyənin yenidən ABŞ-nin F-35 qırıcıları ilə bağlı proqrama yenidən daxil olması ilə bağlı da danışıqlarımız davam edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın F-35 proqramına yenidən daxil edilməsi ilə əlaqədar Rusiyadan alınan S-400 raket sistemlərinin üçüncü bir ölkəyə verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Cənab Putinlə ikitərəfli gündəmimizdə olan bütün məsələləri müzakirə etdik. Bildiyiniz kimi, Türkiyə F-35 proqramının tərəfdaşlarından biri idi. Bu proqram çərçivəsində ciddi töhfələr verib. Türkiyənin proqrama yenidən daxil olması ilə bağlı da danışıqlarımız davam edir. ABŞ-dəki proseslərin mümkün qədər tez başa çatdırılması ilə bu məsələnin də geridə qalacağını düşünürük. Bütün diplomatik səylərimizi davam etdirərkən, KAAN-dan da imtina etmirik. Öz hava hücumundan müdafiə sistemlərimizi inkişaf etdirməkdən də vaz keçmirik. Əksinə, Türkiyənin seçimlərini artırırıq. Güclü Türkiyə məhz budur. Güclü Türkiyənin yol xəritəsi budur”, - o bildirib.