BAKI, 2 sentyabr. TELEQRAF
Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü və bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi, məncə, sadəcə əməkhaqqı artımı kimi qiymətləndirilməməlidir.
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov deyib.
O bildirib ki, bu qərar dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmaqla, səhiyyə sistemində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir.
“Əvvəla, burada Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünü xüsusi qeyd etmək istəyirəm. Mehriban xanım uzun illərdir səhiyyə və sosial məsələlərə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə bu sahədə bir sıra mühüm layihələr həyata keçirilib. Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüs də həmin yanaşmanın davamı kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi isə dövlətin səhiyyə işçilərinə verdiyi yüksək dəyərin göstəricisidir. Qərarın TƏBİB sistemində çalışan 72 212 tibb işçisini əhatə etməsi və bunun üçün əməkhaqqı fondunun 189 milyon manat artırılması məsələnin miqyasını aydın şəkildə göstərir.
Bu qərarın ən mühüm tərəflərindən biri əməkhaqqı artımında differensial yanaşmanın tətbiq edilməsidir”, - deputat vurğulayıb.
Onun sözlərinə görə, bu gün səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biri regionlarda ixtisaslı tibb kadrlarının çatışmazlığıdır:
“Son illərdə regionlarda yeni xəstəxanalar tikilir, tibb müəssisələri müasir avadanlıqlarla təmin olunur, səhiyyə infrastrukturunun yenilənməsinə böyük vəsaitlər yönəldilir. Amma müasir xəstəxana və ən müasir tibbi avadanlıq özü-özlüyündə kifayət etmir. Əgər həmin avadanlıqla işləyəcək ixtisaslı mütəxəssis yoxdursa, yaradılmış infrastrukturdan lazımi səmərəni əldə etmək mümkün deyil.
Bu baxımdan regionlarda çalışan tibb işçilərinin əməkhaqlarına differensial yanaşmanın tətbiq olunması çox mühüm addımdır. Müəyyən əmsalların tətbiqi və regionlarda çalışan mütəxəssislərin daha yüksək əməkhaqqı ilə stimullaşdırılması onların bölgələrdə işləməyə marağını artıra bilər. Bu, həm regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına, həm də vətəndaşların yaşadıqları ərazidə keyfiyyətli tibbi xidmətə çıxışının yaxşılaşdırılmasına xidmət edəcək.
Əslində, burada dövlət siyasətinin çox mühüm bir prinsipini görürük: təkcə infrastruktur yaratmaq deyil, həmin infrastrukturda işləyəcək insan kapitalına da investisiya qoymaq”.
Deputat qeyd edib ki, tibb işçilərinin əməkhaqlarının artırılması uzunmüddətli perspektivdə tibbi təhsilə marağın yüksəlməsinə də müsbət təsir göstərə bilər. O, gənclər üçün tibb sahəsinin həm sosial, həm də iqtisadi baxımdan daha cəlbedici olmasının gələcəkdə ixtisaslı kadr bazasının genişlənməsinə imkan yaradacağını vurğulayıb:
“Eyni zamanda, layiqli əməkhaqqı və daha yaxşı sosial təminat Azərbaycan səhiyyəsində çalışan mütəxəssislərin xaricə getmək meylinin müəyyən qədər azalmasına da kömək edə bilər. Bu qərarı son illərdə həyata keçirilən əməkhaqqı siyasətinin davamı kimi də qiymətləndirmək lazımdır.
Əvvəlki illərdə TƏBİB sistemində çalışan tibb işçilərinin, daha sonra Səhiyyə Nazirliyinin tabeliyində olan müəyyən müəssisələrin, o cümlədən körpələr evlərində işləyən əməkdaşların əməkhaqlarının artırılması həyata keçirilib. İndiki artım da səhiyyə və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl siyasətin növbəti mərhələsidir.
Burada daha mühüm bir məqam var. Biz tibb işçisinin sosial rifahından danışarkən əslində vətəndaşın sağlamlığından danışırıq. Sosial təminatı və əmək şəraiti daha yaxşı olan, əməyinin dövlət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin işinə daha yüksək motivasiya ilə yanaşması mümkündür. Bu isə nəticə etibarilə tibbi xidmətin keyfiyyətinə və vətəndaş məmnunluğuna da müsbət təsir göstərə bilər”.
Azər Badamov buna görə Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb:
“Çünki burada söhbət yalnız tibb işçilərinin maaşlarının artırılmasından getmir. Söhbət səhiyyə sisteminin insan resurslarının gücləndirilməsindən, regionlarda kadr probleminin həllindən, gənclərin tibb sahəsinə marağının artırılmasından və bütövlükdə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsindən gedir.
Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi də dövlətin səhiyyə işçilərinə münasibətinin göstəricisidir. Mən hesab edirəm ki, bu qərar həm sosial dövlət siyasətinin, həm də Azərbaycanda səhiyyə islahatlarının mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər.
Ən vacib nəticə isə odur ki, dövlət tibb işçisinə sərmayə qoymaqla əslində insan sağlamlığına, səhiyyənin gələcəyinə və cəmiyyətin rifahına sərmayə qoyur”.