BAKI, 1 sentyabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC avqustun 15-dən etibarən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Təxminən 10-11 ay davam edəcək yenidənqurma işləri müddətində qatarların “Nizami-28 May” sahəsində hərəkəti yerüstü avtobus xətləri ilə əvəzlənib. Layihənin başlamasından ötən 17 gün ərzində sərnişin axınının idarə edilməsi və görülən tədbirlər diqqət mərkəzindədir.

Bəs hazırda stansiyalarda sərnişinlərin alternativ yerüstü nəqliyyata rahat yönəlməsi üçün naviqasiya işarələri, səsli elanlar və bələdçilərin fəaliyyəti hansı səviyyədə təşkil olunub? Pik saatlarda sərnişin dinamikasını tənzimləmək üçün xətlərə hansı dəstək qüvvələri cəlb edilib?

Məsələ ilə bağlı Teleqraf-ın suallarına cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu vətəndaşların ixtiyarına verilib.

Məlumata görə, şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir:

“Vətəndaşlara səfərlərini planlayan zaman ekspres marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik. Sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər”.

Qeyd edilib ki, 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb.

“Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspres) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 000-ə yaxın sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 000 sərnişinə xidmət göstərilir.

Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır.

4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub”, - məlumatda bildirilib.

Vurğulanıb ki, sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər:

“Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir".

Bakı Metropolitenindən isə bildirilib ki, əvvəldən də proqnozlaşdırıldığı kimi, sərnişinlərin bir qismi məhz xətdən xəttə keçdiyi üçün “28 May-Nizami” stansiyaları arasında hərəkət dayandırıldıqda sərnişin azalması labüd idi.

Vurğulanıb ki, lakin bu azalmanı yalnız xətlərin ayrılması ilə əlaqələndirmək düzgün olmaz.

“Belə ki, iyul-avqust aylarında sərnişindaşımada ənənəvi olaraq mövsümi azalma müşahidə edilir. Eyni zamanda, aparılan tikinti və yenidənqurma işləri dövründə sərnişinlərin alternativ nəqliyyat vasitələrinə yönəlməsi də nəzərə alınan amillərdəndir”.

Həmçinin bildirilib ki, xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar stansiyalarda sərnişinlərin yeni hərəkət sxeminə daha asan uyğunlaşması və düzgün istiqamətləndirilməsi məqsədilə məlumatlandırma və istiqamətləndirmə tədbirləri gücləndirilib.

“Stansiyaların bütün sərnişin zonalarında və giriş-çıxışlarında, eləcə də qatarlarda elanlar yerləşdirilir və səsləndirilir, məlumatlar monitorlarda video formatında təqdim olunur. Sxematik təsvirlər, ekspres avtobuslar, marşrutlar və digər zəruri məlumatlar sərnişinlərin diqqətinə çatdırılır.

20 stansiyada sərnişinlərə yeni hərəkət sxemi barədə məlumat verilir, zəruri istiqamətlər üzrə yönləndirmə həyata keçirilir. Bununla yanaşı, əməkdaşlar, əlavə cəlb olunmuş işçi qüvvəsi və xüsusilə könüllülər sərnişinlərə operativ dəstək göstərirlər. Görülən tədbirlər nəticəsində ilk günlərdə müşahidə olunan çaşqınlığın əhəmiyyətli dərəcədə azalması, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması istiqamətində isə müsbət dinamikanın formalaşması müşahidə olunur”, - məlumatda qeyd olunub.

Nəqliyyat eksperti Rövşən Həsənov isə deyib ki, hazırda "Nizami" və "28 May" metro stansiyaları arasında avtobusların təşkilindən sonra ciddi sıxlığın müşahidə olunmaması sevindirici haldır.

Onun sözlərinə görə, bu, sərnişin axınının yönəldilməsinin müəyyən qədər düzgün təşkil olunduğunu və insanların alternativ nəqliyyat imkanlarından istifadə etdiyini göstərir:

“İndiki vəziyyətdə narahatlığa ciddi əsas görmürəm. Əksinə, hazırda sistemin necə işlədiyini müşahidə etmək və ehtiyac yarandığı halda çevik tədbirlər görmək daha düzgün yanaşmadır”.

R. Həsənov vurğulayıb ki, əsas məsələ yalnız bu gün müşahidə olunan vəziyyəti qiymətləndirmək deyil:

“Qarşıdakı dövrdə tikinti işlərinin intensivliyi, pik saatlarda sərnişin sayının artması və metrodan avtobusa keçid edən sərnişinlərin real sayı vəziyyətə təsir göstərə bilər. "Bakı Metropoliteni" QSC-nin açıqlamasında da qeyd olunub ki, bir metro qatarı təxminən 1600 sərnişin daşıya bilir. Bu həcmdə sərnişin axınının avtobuslarla əvəzlənməsi kifayət qədər ciddi loqistika məsələsidir. Ona görə də hazırda sıxlığın olmamasını müsbət qiymətləndirməklə yanaşı, nəqliyyatın axınını daim monitorinq etmək lazımdır. Əsas məqsəd sərnişinlərin əlavə vaxt itkisi ilə qarşılaşmamasıdır. Əgər avtobusların sayı və intervalları real sərnişin axınına uyğun olaraq operativ şəkildə tənzimlənsə, bu keçid dövrünü ciddi problem yaratmadan başa vurmaq mümkündür”.