BAKI, 2 sentyabr. TELEQRAF
“Ermənistan artıq istənilən vaxt Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını çıxarmaq imkanına malikdir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar Birliyi” QHT-nin rəhbəri Daniel İoannisyan deyib.
“Putinin Ermənistan tərəfinin tələbi ilə Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağa razı olması çox böyük uğurdur. Ermənistan-Rusiya müqaviləsinə əsasən, həmin hərbi baza hələ onilliklər ərzində, hətta Ermənistan tərəfinin razılığı olmadan belə, ölkədə qala bilərdi. Putinin tələb olunduğu təqdirdə hərbi bazanı çıxarmağa razılaşması çox yaxşıdır”, - İoannisyan bildirib.
Rusiya Prezidenti bundan əvvəl bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”.
Rusiya lideri bu açıqlamanı dünən Bişkekdə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı verib.