BAKI, 2 sentyabr. TELEQRAF
Əməkhaqqı Qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir.
Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
O bildirib ki, islahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir.
"Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur. Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir", - A. Bayromov vurğulayıb.
TƏBİB rəhbəri bildirib ki, daha çox fəaliyyətdə olan və daha çox nəticə göstərən həkimlərimiz daha artıq qiymətləndirilməli, daha çox əməkhaqqı almalıdırlar.
Onun sözlərinə görə, bu gün bu yanaşma məqsədəuyğun hesab edilir:
"Səhiyyə elə sahədir ki, burada davamlı islahatlar aparılmalıdır. Səhiyyə sistemi daim təkmilləşdirilməlidir".