BAKI, 29 iyul. TELEQRAF
Ötən əsrin əvvəllərində rusların dəstəyilə Bakını ələ keçirən Stepan Şaumyan demişdi ki, azərbaycanlılar muxtariyyət istəyirsə, biz onlara xarabazar verəcəyik.
Azərbaycanlılar muxtariyyət istəyirdilər. Çarlıq devrilmişdi, müstəqilliyin ilkin mərhələsi olaraq ərazi muxtariyyəti tələb edilirdi. Moskvada Məhəmmədəmin Rəsulzadənin bu tələbini Rusiya müsəlmanları dəstəkləyir, gələcək dövlətin rüşeymləri formalaşırdı.
Amma bir tərəfdə xeyir baş qaldırırdısa, şərin də boş dayanması mümkünsüzdü. Şaumyan nəyin bahasına olursa olsun, bu prosesin qarşısını almağa niyyətlənmişdi. Yəni vədinə əməl edərək Azərbaycanı xarabazara çevirəcəkdi. 1918-ci ilin mart ayının sonunda bu çirkin niyyətini həyata keçirdi. Bakıda minlərlə müsəlman qətlə yetirildi, başda İsmailiyyə binası, “Açıq söz” mətbəəsi olmaqla Bakı və ətrafı xarabazara çevrildi.
Amma azadlıq istəyi bu xarabalıqlar arasında çiçək açaraq qısa zamanda muxtariyyətdən müstəqilliyə gedən yolu açdı, sentyabr ayında isə Bakı işğaldan azad olundu. Şaumyan özü isə Türküstanın çöllüyündə öz layiqli aqibətini yaşadı, tarixdə xarabalıqla, cinayətlə, terrorla qaldı.Ermənilərin dağıdıcı zehniyyəti Şaumyandan öncə də belə idi, sonra da belə oldu.
Xatırlayıram, 2021-ci ildə işğaldan azad edilmiş bölgələrə ilk dəfə səfər edəndə yol boyunca ərazilərimizdə daş üstündə daş qoymadıqlarını görmüşdüm. Şuşanın özündə də tarixi evlər, böyük şəxsiyyətlərimizin mənzilləri tamamilə məhv edilmişdi. Sanki tarixdəki əsas izi xarabalıq yaratmaq olan bu toplum Üzeyir bəy kimi dünya səviyyəli insanların da evini, muzeyini məhv etməkdən zövq almışdı.
Bu, herostratizm deyildi. Bu, qurmağı deyil yıxmağı, sevgini deyil nifrəti, insanlığı deyil vandalizmi amal bilən və heç bir şəkildə dəyişməyən bir toplumun faciəsidir.
***
Bir neçə gün öncə Şuşaya növbəti səfərimiz oldu. Altı il ərzində xarabalıqların yenidən çiçək açaraq evlərə çevrildiyini görmək böyük sevinc idi. Kəndlərin bir-bir bərpa edildiyini, şəhər mərkəzlərində evlərin ucaldığını görmək şaumyanizmin bir daha məhvə məhkum olduğunu göstərirdi.
Şuşa isə hər gəlişimizdə yenidən qabıq dəyişirdi. Əhali gurlaşır, turistlər çoxalır, küçələr abadlaşır, evlər işıqlanırdı. Üzeyir bəyin, Bülbülün, Mehmandarovun, Sadıqcanın ev-muzeyləri şəhərə can qatırdı.
Şuşadan neçə məşhur adam çıxıb? Bu sualın ən doğru cavabını Şuşadakı hər yeniliyi bizə həvəslə danışan təpədən-dırnağa şuşalı olan jurnalist, şair Kərim Kərimli bilər. Amma, yəqin ki, o da bizimlə razılaşar ki, birinci sırada Üzeyir bəy dayanmalıdır. Ondan sonra Əhməd bəy Ağaoğlu, Yusif Vəzir və digərləri gələr. Ona görə də ötən səfərlərimizdə görmədiyimiz məkana getdik. Üzeyir bəyin Şuşada bərpa olunan ev muzeyinə.
XIX əsrdə tikilən ev 1959-cu ildə muzeyə çevrilmişdi. İşğaldan öncə orada Hacıbəyli ailəsinə aid 1700 eksponat mühafizə edilməkdəydi. Bir ailəyə aid böyük bir arxiv. Şaumyan “irs”inə sadiq olan ermənilər Şuşanı işğal etdikdən sonra bu tarixi binanı da dağıtmış, bu bənzərsiz arxivi yox etmişdilər. Cəmi 136 nümunə muzey rəhbərliyinin fədakarlığı sayəsində xilas edilmişdi.
Ermənilər növbəti dəfə xarabazar vermişdilər. Amma bir daha yanılmışdılar. 2022-ci ildə başlayan bərpa işləri 2024-cü ildə tamamlanmış, bir müddət sonra da Üzeyir bəyin ev-muzeyi yenidən fəaliyyətə başlamışdı. Muzeyin girişində bir hissəsi dağılmış ilk muzeyin lövhəsi vardı. İki mərtəbədən ibarət olan evin otaqlarında Üzeyir bəyə aid bəzi orijinal eksponatlar, eləcə də onun həyat və fəaliyyətini əks etdirən materiallar vardı. Xüsusilə ona məxsus geyim insana qəribə hisslər bəxş edirdi...
Ermənilər nə etsələr də, tifaqlar dağılmadı, bu gün hissə-hissə Qarabağa köçlər baş verir, xarabalıqlar gülüstana çevrilir, hava təmizlənir, Cıdır düzü qonaqların qarşısında daha da süslənir, yeni türkülər oxunur, yeni məscidlər ucalır...