BAKI, 29 iyul. TELEQRAF

Bu ilin ilk 6 ayında Azərbaycana digər ölkələrdən giriş edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Teleqraf xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.

O bildirib ki, hesabat dövründə ölkəyə 192 dövlətin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb.

Onun sözlərinə görə, Azərbaycana ən çox səfər edən əcnəbilərin mənsub olduqları ilk beş ölkə siyahısına Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan daxildir. Bunun əksinə olaraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan və Cənubi Asiya vətəndaşlarının səfərlərində isə kəskin azalma müşahidə olunur.

Vüsal Hüseynov həmçinin DMX-nin daxili rəqəmsallaşma göstəricilərini də diqqətə çatdırıb.

O bildirilib ki, cari ilin ilk 6 ayı ərzində Xidmətə müxtəlif istiqamətlər üzrə 420.961 müraciət daxil olub, onların 55.8%-i məhz elektron qaydada qəbul edilib.

Xidmət rəisi vurğulayıb ki, elektron müraciətlərin 69,8%-i üzrə müraciət müəllifləri öz müraciətlərinin cavabını və nəticəsini sistem vasitəsilə tam rəqəmsal, real vaxt rejimində əldə edə biliblər.