BAKI, 28 iyul. TELEQRAF

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyulda keçirilmiş qəbul imtahanının nəticəsi açıqlandı.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30300 abituriyentdən (I qrup üzrə 24997 nəfər, IV qrup üzrə 5303 nəfər) 916 nəfər (I qrup üzrə 764 nəfər, IV qrup üzrə 152 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd. Dövlət İmtahan Mərkəzi 24 may, 7 iyun, 5 iyul və 12 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

Sorğunun linki hər bir abituriyentin imtahan nəticəsi ilə bağlı səhifəsinə yerləşdirilib.

Bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edirik.

Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.