BAKI, 28 iyul. TELEQRAF

Ənəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosesinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan qanunvericlik aktları təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən DMX tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması xidməti fiziki müraciət imkanı saxlanılmaqla tam rəqəmsallaşdırılıb.

"Həmin xidmətin nəticəsi olaraq şəxslərə təqdim olunan Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarın kağız daşıyıcıda olan nümunəsi ləğv edilib.

Belə ki, artıq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması qərar elektron sənəd şəklində tərtib ediləcək və dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi məqsədilə həmin sistemə ötürüləcək. Eyni zamanda qərar müraciət müəllifinin təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək.

Bununla yanaşı, yeni dəyişikliklərlə bu günədək kağız daşıyıcılarda verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarların onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlaması, bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunaraq, dövlət rüsumunun ödənilməsi tələb edilmədən müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulub.

Qəbul edilmiş yeniliklər həyat hadisəsi əsaslı miqrasiya xidmətlərinin daha çevik, əlçatan və vətəndaşyönümlü təşkili ilə yanaşı, inzibati prosedurların sadələşdirilərək səmərəliliyinin artırılmasını hədəfləyir", - məlumatda qeyd olunub.