BAKI, 29 iyul. TELEQRAF
“Nüvə başlığı daşıya bilən “Poseydon” pilotsuz sualtı sistemi Rusiyanın ən dağıdıcı silahıdır”.
Teleqraf xəbər verir ki, bunu TASS-a Rusiyanın Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiQS) eksperti Aleksandr Stepanov deyib.
Stepanovun iddiasına görə, “Poseydon” istənilən potensial düşmənə qarşı qəbuledilməz və maksimum dağıdıcı cavab verməyə imkan yaradan çəkindirmə vasitəsidir.
O bildirib ki, dünya okeanında bu tip sistemləri daşıyan bir neçə daşıyıcının döyüş növbətçiliyində olması Rusiyanın potensial rəqibləri hesab edilən bütün ölkələri hədəfə almaq imkanını təmin edir.
Ekspert qeyd edib ki, nüvə torpedasının tətbiqi nəticəsində güclü sunamilər yarana və bu, potensial rəqiblərin sahilyanı şəhərlərində dağıntılar yarada bilər.
Böyük Britaniyanın “Daily Express” nəşri də Rusiya Prezidenti Vladimir Putinin “Poseydon” pilotsuz sualtı sisteminin hazırlanmasının başa çatmaq üzrə olması ilə bağlı açıqlamalarını Qərb ölkələrinə xəbərdarlıq kimi qiymətləndirmişdi.
Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı admiral Aleksandr Moiseyev iyulun əvvəlində ölkənin artıq “Poseydon”un daşıyıcısına malik olduğunu açıqlamışdı.