QARABAĞ, 29 iyul. TELEQRAF
Füzuli rayonunun Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində cari ilin sonunadək 146 fərdi yaşayış evinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva Pirəhmədli kəndinə təşkil olunan media-tur zamanı bildirib.
Onun sözlərinə görə, layihə ümumilikdə 89,63 hektardan çox ərazini əhatə edir. Kənddə 347 fərdi yaşayış evinin, eləcə də 277 mənzilli, dördmərtəbəli 8 yaşayış binasının inşası planlaşdırılıb.
T.Quliyeva qeyd edib ki, layihənin birinci mərhələsi 74,69 hektar ərazini əhatə edir. Bu mərhələdə tikilməsi nəzərdə tutulan 280 fərdi yaşayış evindən 146-sının inşasının cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Bildirilib ki, birinci mərhələdə 280 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Hazırda yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati bina kimi sosial təyinatlı obyektlərin tikintisi də davam etdirilir.
Eyni zamanda kənddaxili yolların, mühəndis-kommunikasiya xətlərinin və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır.