BAKI, 28 iyul. TELEQRAF
2020-ci ildən ötən dövrdə reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.
"Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Sosial Xidmətlər Agentliyi tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb", - məlumatda qeyd olunub.