BAKI, 19 iyun. TELEQRAF
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Nadir müəllim, yaxın günlərdə Özbəkistanda səfərdə oldunuz. Səfərin əsas məqsədi nə idi, görüşlər çərçivəsində hansı məsələlər müzakirə olundu?
- Akademik Nizami Cəfərov və professor İsmayıl Kazımovla birlikdə Səmərqəndə dəvət edilmişdik. Səfər çərçivəsində əsasən Türkoloji Qurultayla bağlı görüşlər keçirdik. Bəzən insanlarda belə təsəvvür yaranır ki, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda ikinci qurultayın məhz Səmərqənddə təşkil olunması tövsiyə edilib. Biz də bu mövzu ətrafında müzakirələr apardıq. Əslində ikinci Türkoloji Qurultayın Səmərqənddə keçirilməsi barədə qərar verildiyi fikri düz deyil. Keçirilən tədbirin adı da bunu açıq şəkildə göstərirdi: “Birinci Bakı Türkoloji Qurultayın vəsiyyəti”. Burada söhbət ikinci türkoloji qurultaydan getmir.
Məsələ ondadır ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Ümumittifaq (bu ifadəyə aydınlıq gətirəcəyik) Türkoloji Qurultayda qərara alınmışdı ki, iki il sonra, yəni 1928-ci ildə Səmərqənddə növbəti toplantı keçirilsin. Bu isə baş tutmadı.
Qərarın niyə reallaşdırılmadığını izah etmək lazımdır. Axı, türkdilli xalqların nümayəndələri böyük əziyyətlə Bakıya toplaşmış, mühüm qərarlar qəbul edilmişdi. Tarixdə ilk dəfə türkdilli xalqların nümayəndələri belə geniş tərkibdə bir araya gəlmişdilər. Siyasi elita icazə verməsəydi, təbii ki, belə bir toplantı baş tuta bilməzdi. Yəni Sovet İttifaqının siyasi rəhbərliyinin razılığı vacib idi.
1928-ci ildə isə növbəti qurultayın keçirilməsinə ehtiyac qalmadı. Çünki birinci qurultayın əsas məqsədi türkdilli xalqların latın qrafikalı əlifbaya keçidi məsələsini həll etmək idi. Burada SSRİ-nin öz maraqları vardı, türkləri əlifba vasitəsiylə müsəlman dünyasından ayırmaq istəyirdi.
Türkiyə də öz maraqlarından çıxış edirdi. Atatürkün həyata keçirdiyi modernləşmə və Avropaya inteqrasiya siyasəti bu prosesə fərqli yanaşma gətirirdi. Sovetlərlə Türkiyənin mövqeləri müəyyən məqamlarda üst-üstə düşsə də, əslində prosesin arxa planında ciddi geosiyasi hesablamalar vardı. SSRİ Türkiyə ilə münasibətlərini korlamaq istəmirdi, eyni zamanda onu kommunist ölkələr sırasına daxil etməyə çalışırdı.
Əslinə qalsa, Atatürk yeni əlifbaya keçid ideyasını dəstəkləmirdi. Təşəbbüsün əsası isə 1926-cı ildə Birinci Ümumittifaq Türkoloji Qurultayda qoyuldu.
Qurultayda Almaniya, Avstriya, Türkiyə və digər ölkələrdən türkoloqlar iştirak etsələr də, Stalinin göstərişi ilə tədbir Birinci Ümumittifaq Türkoloji Qurultay adlandırıldı. Yəni bu tədbir ümumittifaq çərçivəsinə salındı. Tədbirə dəvət ediləcək şəxslərin siyahısı hazırlanarkən onların ərəb qrafikasına və ya latın əlifbasına münasibəti xüsusi nəzərə alınırdı.

Mən iki ilə yaxın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində işlədim. Təsadüf nəticəsində əvvəllər heç kimin görmədiyi 62-ci bölmənin sənədlərini aşkarladım. Beləliklə, məxfi materiallar üzə çıxdı. Qurultay strateji xarakter daşıyırdı. Ona görə də prosesin arxa planında mütləq nəzarət mexanizmi olmalıydı. Bu prosesə isə NKVD də nəzarət edirdi. Siyasi Büronun nəzdində fəaliyyət göstərən xüsusi şöbənin 6-cı bölməsi bu məsələyə cavabdeh idi. Həmin bölməyə aid sənədləri araşdırarkən təxminən 480-ə yaxın məxfi sənədi üzə çıxardıq.
Bu sənədlərdə qurultayın ilk günündən tutmuş, hətta beş il əvvəl başladılan hazırlıq mərhələsinə qədər hərtərəfli məlumatlar yer alırdı. Qurultayda kimlərin iştirak etməli olduğu, iclaslara kimin rəhbərlik edəcəyi, əsas fiqurların kimlər olacağı ssenariləşdirilmişdi. Məsələn, orada əsas fiqurlar Sergey Kirov, Serqo Orconikidze olmalı idi və bunlar sənədlərdə də əksini tapmışdı.
Tapılan materiallar arasında Əliheydər Qarayevin Stalinə göndərdiyi teleqram da var. Teleqramda bildirilirdi ki, qurultaya gələn nümayəndələrin əksəriyyəti ərəb əlifbasının tərəfdarıdır. Qeyd olunurdu ki, "iştirakçılar arasında kommunistlər də çoxdur və sizin təlimatınızı gözləyirik". Bu sənəd açıq şəkildə göstərir ki, qurultayın gedişi siyasi mərkəzdən idarə olunur və ona ciddi nəzarət edilirdi.
Qeyd etdiyimiz kimi, qurultay beynəlxalq statusda olmalı idi, amma onu ümumittifaq çərçivəyə saldılar. Düzdü, toplantıya xarici mütəxəssilər də iştirak edirdilər. Məsələn, yəhudi əsilli alman şərqşünası Teodor Menzelin adını qeyd edim. O, həmin ərəfədə Türkiyədə idi, Azərbaycana Batumdan keçərək gəldi. O zaman bəzi dəvətnamələr gecikdirilmiş, aldadıcı manevrlər də olmuşdu. Menzel Bakıya gələndə gördü ki, iclas hələ keçirilmir. Beləliklə, o, qurultay başlamazdan əvvəl Bakıda oldu, təşkilat komitəsinin üzvlərini isə onsuz da tanıyırdı.
Teodor Menzel sonradan yazdığı kitabında qurultaya dəvət olunması nəzərdə tutulan şəxslərin ilkin siyahısını dərc edib. Əvvəlcə siyahıda 121 nəfər varmış, sonradan isə üstünlük əldə etmək naminə iştirakçıların sayını 131-ə çatdırırlar. Qeyd edim ki, kitabı Almaniyadan əldə etdik, o, iki böyük məqalə şəkilindədir və Türkiyədə çap edilib. Alman dilindən Azərbaycan dilinə tərcüməsi də var. Bu kitabın siyasi əhəmiyyəti böyükdür. Çünki orada ilkin iştirakçı siyahıları təqdim olunur və sonradan həmin siyahıların necə dəyişdirildiyi aydın görünür. İlkin siyahıda çağırılması nəzərdə tutulan xeyli mütəxəssisin adları qeyd olunsa da onlar qurultaya dəvət olunmadılar.
Menzel 1925-ci ilin dekabrında Bakıya gələndə isə ilkin siyahıdakıların adlarını öz gözləriylə görmüşdü. O siyahıda hətta Ömər Faiq Nemanzadənin, Həbib Zeynin də adı vardı. Onların heç biri latın qrafikasına keçidin tərəfdarı deyildilər. Hesab edirdilər ki, əlifba dəyişikliyi türkdilli xalqlar arasında parçalanmaya səbəb olacaq. Məsələn, Əhməd Cövdət Oran da bu fikri müdafiə edir və bildirirdi ki, əlifba dəyişikliyi müsəlman xalqları arasında ayrılıq yarada bilər.
Başqa əsassız iddialar da irəli sürülür. Guya Ənvər Paşa Birinci Türkoloji Qurultayda iştirak edib. Halbuki Ənvər Paşa həmin qurultaydan dörd il əvvəl vəfat edib. O, Bakıda keçirilən Şərq Xalqları Qurultayında qatılmışdı.
Tapılan sənədlərdə Səmərqənd qurultayının keçirilməməsi səbəbi açıqlanıb. Səmərqənddə keçirilən iclasda bu, "1926-cı il Bakı Türkoloji Qurultayın vəsiyyəti" kimi qeyd edilir, ikinci qurultay kimi yox. Qeyd etdiyim kimi ikinci qurultayın keçirilməsinə ehtiyac qalmamışdı. Əsas məqsəd latın qrafikalı əlifbaya keçidi təmin etmək idi, bu məsələ də 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayda həllini tapmışdı.
Onu da qeyd edim ki, Azərbaycan latın qrafikasına keçid qərarı verdikdən sonra Türkiyə də eyni addımı atdı. Ardınca isə Azərbaycan-Türkiyə birliyindən ehtiyatlanan SSRİ rəhbərliyi kirilə keçid məcburiyyətini tətbiq etdi.
- Bildirdiniz ki, arxiv sənədində Birinci Türkoloji Qurultayın müəyyən bir siyasi ssenariyə tabe etdirilməsinə cəhd göstərilirdi. Buna nail olundumu?
- Bəli. Latın qrafikası əleyhdarı olanlardan kimi dəvət etmək istəmirdilərsə, onlar qurultaydan kənarda qaldılar. Qurultayın stenoqramında Dyula Nemetin, Ömər Faiq Nemənzadənin və bu kimi latın qrafikasına keçidi istəməyənlərin adları yoxdur. Nemet, Tomsen kimi türkoloqların "xəstə olduqları üçün" qurultaya qatılmadığı qeyd edilir.

- Türkiyə sənədlərində də qurultayın adı "Birinci Ümumittifaq Türkoloji Qurultay" kimi göstərilir?
- Bütün sənədlərdə ad eynidir. Təkrar edirəm, ad Birinci Ümumittifaq Türkoloji Qurultaydır. Bu qurultay Azərbaycandan əvvəl, 1925-ci ilin iyununda İstanbulda keçirilməli idi. Mustafa Kamal Atatürk 1924-cü ildə İstanbul Universitetinin nəzdində Türkiyyat İnstitutunu yaradır və ona Fuad Köprülüzadəni rəhbər qoyur. Bütün bu hazırlıqların nəticəsində beynəlxalq türkoloji qurultay keçirməli, dünyanın müxtəlif ölkələrindən alimlər dəvət edilməliydi.
Atatürkün Köprülüzadəni Türkiyyat İnstitutuna rəhbər gətirməsində məqsəd əlifbanı dəyişmək yox, türkoloji qurultay keçirmək idi. Amma SSRİ fərqli manevr etdi. Məxfi sənədlər göstərir ki, qurultayın Təşkilat Komitəsi 1925-ci il avqustun 6-da yaradılmışdı. Ancaq həmin il iyunun 14-də rusiyalı akademik-şərqşünas Sergey Oldenburq çıxış edərək bildirir ki, biz artıq hazırıq, yaxın günlərdə SSRİ-də möhtəşəm türkoloji qurultay keçirəcəyik.
- Türkiyədən əvvələ düşmək üçün?..
- Bəli, həmin məqsədlə... Oldenburqun açıqlaması Köprülüzadəni də təəccübləndirir. Beləliklə, qurultayın Türkiyədə keçirilməsi baş tutmur. Halbuki Təşkilat Komitəsi 1925-ci il avqustun 6-da, Sergey Oldenburqun "hazırıq" açıqlamasından iki ay sonra yaradıldı. Məxfi sənədlərdə türkoloji qurultayın 1925-ci il dekabrın 25-də keçirilməsi planlaşdırıldığı qeyd olunur. Amma qurultayı bu tarixdə keçirmək də alınmadı.
Bu proseslə bağlı Azərbaycan nümayəndələrindən ikisi - Məmmədzadə və Simumyaqi təlimat almaq üçün Moskvaya göndərilib. Əvvəlcə işə Serqo Orconikidze rəhbərlik edirdi, onun xəstələnməsi səbəbindən məsələ Sergey Kirova həvalə olundu. Bu, şübhəsiz ki, mühüm və tarixi əhəmiyyətə malik bir qurultay idi.
Qurultayın Bakıya bağlanması və məhz burada keçirilməsinin köklü siyasi səbəbləri vardı. 1921-ci ildə Qars müqaviləsi imzalanmışdı. Müqavilənin şərtlərinə əsasən, Türkiyədən istənilən sayda alim və pedaqoqun Azərbaycana gələrək tədqiqat aparması və pedaqoji fəaliyyətlə məşğul olması mümkün idi. Bu səbəbdən xeyli türk ziyalısı Bakıya gəlmiş, o cümlədən Mehmet Fuat Köprülü burada fəaliyyət göstərərək mühüm işlər görmüşdü.
- Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən tədbir keçiriləcək. Hazırlıqlar nə yerdədir?
- İyunun 29-da dövlət səviyyəsində tədbir təşkil olunacaq və bir həftə davam edəcək. Həmin müddətdə geniş tədbirlər proqramı nəzərdə tutulub. Kitab sərgiləri, elmi təqdimatlar, təbliğat xarakterli tədbirlər, iclaslar, panel müzakirələri təşkil olunacaq. İnstitutumuzun yeddi-səkkiz əməkdaşının məruzə ilə çıxış etməsi planlaşdırılır.
Mənim də çıxışım gözlənilir. Bundan əlavə, 1860 səhifəlik məxfi arxiv sənədləri əsasında Beynəlxalq Türk Akademiyası tərəfindən Astanada kitabım nəşr olunub. Həmin dövrün mətbuatı ilə bağlı hərtərəfli araşdırma aparılıb.
- Sosial şəbəkələrdə Türkiyə türkcəsindən dilimizə keçən sözlərin artması ilə bağlı müəyyən şikayətlər səsləndirilir. Bu barədə nə deyərsiz?
- Türk xalqları genetik olaraq bir-birinə qohumdur. Sualın cavabı da buradadır. Əgər sözün kökü, quruluşu, şəkilçisi bizə aydındırsa, onu dilimizdə tamamilə normal şəkildə işlətmək mümkündür. Bu gün ərəb və fars dillərindən söz alınması prosesi demək olar ki, dayanıb.
Yeri gəlmişkən, türk xalqlarının dilini birləşdirən əsas amillərdən biri də ortaq ərəb-fars mənşəli sözlərdir. Qırğız, qazax, özbək danışanda biz həmin sözləri başa düşürük.
Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindəki türk sözləri bu gün də işlənməkdədir. Məgər dilimizdə fikir etibarilə düzgün olmayan sözlər azdırmı? Məsələn, nə üçün tikinti aparılan ərazilərdə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmalıdır? Axı “çı” şəkilçisi peşə və sənət bildirən şəkilçidir: dəmirçi, çörəkçi və sair. Bu ifadəni qazax, qırğız götürüb, istifadə etsə, düzgün deyil.
Bu tip sözlər türk dilindən də götürülməməlidir. Amma “dönər” sözünü nə ilə əvəz etmək olar? Bu sözün mənası aydındır, kökü də məlumdur. "Dönər" dönmək sözündədir, bu sözü niyə işlətməyək?.. Belə kəlmələri qəbul etməkdə problem yoxdur.
Avropa və rus dillərindən söz götürmək normal sayıldığı halda, eyni kökdən gəldiyimiz türk dillərindən söz almağı faciə kimi təqdim etmək doğru deyil. Türk dilləri arasında qarşılıqlı söz alış-verişi təbii prosesdir.

- Azərbaycan dilinin inkişafı və qorunması sahəsində hazırda hansı problemlər var?
- Bu sahədə ciddi problem görmürəm. Azərbaycan dilinin funksional üslubları XX əsrin xüsusilə 70-80-ci illərində yüksək inkişaf səviyyəsinə çatıb. Bunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. O, həm sovet dövründə, həm də müstəqillik illərində dil məsələlərinə xüsusi diqqət yetirib, Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı mühüm qərarlar və sərəncamlar verib. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Götürək söz alınması məsələsi. Bunun öz qaydaları var. Xarici dillərdən yalnız o sözlər alınmalıdır ki, Azərbaycan dilində qarşılığı olmasın. Məsələn, “qapıçı” sözü dilimizdə olduğu halda, onun əvəzinə “qolpiker” işlədilməsinə ehtiyac yoxdur.
Digər tərəfdən, beynəlmiləl terminlərin işlədilməsində də problem görmürəm. Azərbaycan dilində qarşılığı olan sözlərin yerinə xarici kəlmənin işlədilməsi isə doğru yanaşma deyil. Dilə yalnız qarşılığı olmayan yeni anlayışlar, əşyalar və ya ictimai hadisələrlə bağlı sözlər daxil edilə bilər.
- Bəs, dilimizin sintaktik quruluşunun qorunması məsələsi barədə nə deyərsiniz?
- Mühüm məsələlərdən biri də budur. Fars, rus və erməni dillərində cümlə quruluşunda adətən əvvəl mübtəda, sonra xəbər, daha sonra ikinci dərəcəli üzvlər gəlir. Azərbaycan dilində isə qayda fərqlidir: əvvəl mübtəda, sonra ikinci dərəcəli üzvlər, sonda isə xəbər işlənir. Bunun öz məntiqi əsasları və vurğu sistemi var. Hansı sözü qabartmaq, onu xüsusi diqqətə çıxarmaq istəyiriksə, həmin sözü xəbərin yaxınlığına çəkirik. Məsələn, “Mən bu gün məktəbə getdim”, “Mən məktəbə bu gün getdim”, “Məktəbə mən bu gün getdim”. Göründüyü kimi, sintaktik quruluş pozulmur, sadəcə məntiqi vurğular dəyişir.
Bu baxımdan müasir gənc yazıçılarımızın əsərlərində söz sırasının dəyişdirilməsi və müxtəlif yerdəyişmələrə daha çox rast gəlmək mümkündür.
Din xadimlərinin nitqində çox vaxt əvvəl mübtəda, sonra xəbər, daha sonra isə ikinci dərəcəli üzvlər işlədilir. Bu, insanların düşüncə tərzinə və şüuruna mənfi təsir göstərir.
Dilimizdə mühüm qaydalardan biri də odur ki, təyin olunan sözün təyini ondan əvvəl gəlir. Sintaktik sistem pozulduqda bu prinsip də zədələnir. Buna görə insanları bu məsələlər barədə maarifləndirmək vacibdir. Məsələn, “yaşıl yarpaq” ifadəsi dilimizin sintaktik normalarına uyğundur, “yarpaq yaşıl” formasında işlədilməsi isə həmin normadan kənara çıxır. İzafət birləşmələrində də eyni qaydalar özünü göstərir. Hesab edirəm ki, dilimizi izafət tərkibindən xilas etməliyik.
Onu da qeyd edim ki, türk dillərində sintaktik sistem əsas etibarilə eynidir.

- Orfoqrafiya lüğətlərində vəziyyət necədir?
- Lüğətlərin hazırlanması ilə bağlı ənənəvi üsul belədir: qəzet və ya kitab oxuyursan, yeni söz tapanda onu kartotekaya qeyd edirsən. Sonra həmin kartlar əlifba sırası ilə düzülür, daha sonra daxili əlifba prinsipi əsasında sistemləşdirilir. Bu, olduqca çətin və vaxt aparan bir prosesdir.
Sual yaranır: biz nə vaxta qədər kartoteka sistemindən istifadə edəcəyik? Bu üsul 1929-cu ildən tətbiq olunur, xüsusilə 1940–1960-cı illərdə geniş istifadə edilib. Azərbaycan dilinin ən mükəmməl izahlı lüğətlərindən biri 1975-ci ildə nəşr olunub və onun hazırlanmasında Əliheydər Orucovun böyük əməyi olub. Sonrakı illərdə – 2004, 2013 və 2020-ci illərdə yeni nəşrlər işıq üzü görüb. Hazırda isə lüğətin səkkizinci nəşri üzərində işləyirik.
Fikirləşdik ki, əgər süni intellekt işimizə yarayırsa, onu niyə dilçilik sahəsində tətbiq etməyək? Doğrudur, bizim hələ milli süni intellekt sistemimiz yoxdur, xarici platformalardan istifadə edirik. Bildirdik ki, dilçilər sözləri emal edə bilərlər, lakin bizə proqramçılar lazımdır. Bununla bağlı AMEA prezidenti İsa Həbibbəyli ilə danışdıq. O da dərhal dəstək verdi və AMEA-nın Əliabbas Abbasov adına İnformasiya Texnologiyaları İnstitutundan iki proqramçı ayırdı. Beləliklə, işə başladıq.
Artıq bizdə süni intellekt və kompüter dilçiliyi şöbəsi fəaliyyət göstərir. Heç bir türkdilli xalqda belə bir şöbə yoxdur. Hətta bizim ali təhsil müəssisələrimizdə də bu istiqamət üzrə ayrıca struktur mövcud deyil. Beləliklə, proqramçılarla dilçiləri bir araya gətirdik. Bu lüğətin elektron söz bazası yaradıldı.
Layihəyə başlayarkən media qurumlarının baş redaktorları ilə danışdıq. Eyni zamanda, Prezident Administrasiyasının saytları da daxil olmaqla, 47 nüfuzlu internet resursunun materiallarını topladıq. Bu barədə ilk dəfədir ictimaiyyətə məlumat veririk.
Təxminən 15 illik dövrü əhatə edən PDF materiallarını emal üçün proqramçılara verdik. Nəticədə 52 milyon söz toplandı. Əlbəttə, bunların arasında çoxlu təkrarlar vardı. Amma əsas məqsədimizə nail olduq - dildə işlənən bütün sözləri müəyyənləşdirdik.
Ən çətin mərhələ bundan sonra başladı. Çünki toplanan sözlərin böyük hissəsi eyni sözün müxtəlif qrammatik formaları idi. Sözlər seçilərək emal olundu, yeni və işlək leksik vahidlər ayrıldı və ilkin siyahı 220 min sözə çatdırıldı. Sonrakı təhlillər zamanı gördük ki, bəzi hallarda bizim də müəyyən nöqsanlarımız olub. Yenidən yoxlamalar aparıldıqdan sonra məlum oldu ki, hazırda dilimizdə fəal şəkildə işlənən təxminən 176 min söz var. Həmin sözlərin sistemli şəkildə emalı üzərində işləyirik. Bu lüğəti ilin sonuna qədər tamamlayacağıq.

- Süni intellekt gələcəkdə lüğətçilik və tərcümə sahəsində alimləri əvəz edə bilərmi?
- Sözün sinonimini tapmaq asan məsələ deyil. Tərcüməçilər bu işdə xeyli çətinlik çəkirlər. Bizdə milli alqoritmlərə əsaslanan tərcümə sistemi hələlik yoxdur. Proqramçılar milli alqoritmlər əsasında proqramlar hazırlasalar, bu işi xeyli asanlaşdırmaq olar.
- Apostrofun ləğvindən xeyli vaxt keçsə də, onun yenidən tətbiqi ilə bağlı hələ də fikirlər səsləndirilir...
- Apostrofun əlifbamızdan çıxarılması düzgün qərar idi. Azərbaycan dilində apostrof cəmi 70-80 sözdə işlənirdi. Bu işarə ərəb və fars dillərində müstəqil hərf hesab olunur, bizdə isə sadəcə işarə funksiyası daşıyırdı. Buna görə də onun yazı sistemimizdə saxlanılmasına ciddi ehtiyac yoxdur.
Amma apostrofun ləğvi dil tarixi və xüsusilə klassik ədəbiyyatla məşğul olan mütəxəssislər üçün müəyyən çətinliklər yaradır. Bu səbəbdən biz orfoqrafiya lüğətində klassik ədəbiyyatda apostrofla işlənən sözlərin ayrıca siyahısını hazırlamışıq. Həmin sözlər lüğətin əsas hissəsinə daxil edilməyəcək, amma lüğətin əvvəlində ayrıca siyahı şəklində təqdim olunacaq.
Yəni söhbət apostroflu sözlərin yenidən orfoqrafiyaya qaytarılmasından getmir. Məqsəd klassik mətnlərlə işləyən tədqiqatçı və oxucular üçün məlumat xarakterli siyahı təqdim etməkdir.
- Şəxs adlarıyla bağlı qurum yaranıb, onun fəaliyyəti nə yerdədir?
- AMEA-nın Rəyasət Heyətinin tərkibində Terminologiya Komitəsi fəaliyyət göstərir. Komitənin nəzdində Şəxs Adları Komissiyası yaradılıb. 14 nəfərdən ibarət komissiyanın sədri mənəm. Ətrafımıza peşəkar mütəxəssisləri toplamışıq.
Şəxs adlarıyla bağlı bəzi mübahisəli məsələlər mövcuddur. Buna görə də ayda bir və ya iki aydan bir iclas keçirir, müxtəlif məsələlərə aydınlıq gətiririk.
Fəaliyyətə başlayandan sonra bizə çoxlu müraciətlər daxil oldu. Məsələn, Ədliyyə Nazirliyindən zəng edib soruşurlar ki, bir nəfər gəlib oğlunun adını “Muhammed” qoymaq istəyir. Cavab veririk ki, xeyr, bu formada olmaz. Axı, dilimizdə ahəng qanunu var. Məsələn, “Yosif” yox, “Yusif”, “Mariya” yox, “Məryəm”, “Muhammed” yox, “Məhəmməd” yazılmalıdır.
FOTO: Elnur Muxtar