BAKI, 18 iyun. TELEQRAF
Texnologiyaların sürətli inkişafı həyatımıza yeni imkanlarla yanaşı, yeni çətinliklər və təhlükələr gətirir.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə deyib.
Milli Məclisdə qanuna dəyişikliklərin edilməsi ilə bağlı bu yaxınlarda keçirilən müzakirəni xatırladan komitə sədri cəmiyyətin yanaşmasının parlamentdə səslənən fikirlərlə üst-üstə düşdüyünü qeyd edib.
Onun sözlərinə görə, məsələ təkcə uşaqların müdafiəsi ilə məhdudlaşmır:
"Söhbət bütövlükdə cəmiyyətin və Azərbaycanın insan kapitalının inkişafından gedir. Qarşıda duran çağırışlar qarşısında susmaq və gözləmək olmaz. Dünyada, o cümlədən yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə bu istiqamətdə ardıcıl addımlar atılır. Azərbaycan da bu sahədə fəal işlər görür. Təklif olunan dəyişikliklərdə söhbət platformaların bağlanmasından, məhdudlaşdırılmasından və ya qadağan olunmasından getmir, məqsəd sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsi və yaşla bağlı əldə edilən məlumatların qorunmasıdır. Bütün bunlar insanların sosial platformalarda özünüifadə azadlığını məhdudlaşdırmağa deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə tənzimlənməsinə xidmət edir".
B. Muradova hesabatlılıq və şəffaflığı ortaya qoymayan platformalarla bağlı məhdudiyyətlərin tətbiq ediləcəyini vurğulayıb:
"Qanun qəbul edildikdən sonra elmi və akademik dairələr tərəfindən sosial platformaların uşaqların həyatına, cəmiyyətə təsirləri araşdırılıb, müəyyənləşdirilməlidir".