BAKI, 19 iyun. TELEQRAF
Dünən Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunu uğurla tamamlamış, iki azyaşlı övladı olan 30 yaşlı bir həkim xanımın və ananın mənə rəsmi müraciəti ilə bağlı yaşanan bir hadisə, təkcə fərdi bir problem deyil, daha geniş bir sistem məsələsini bir daha gündəmə gətirdi.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, bu gənc mütəxəssis artıq bir ilə yaxındır müxtəlif instansiyalara müraciət etməsinə baxmayaraq, ölkəyə qayıtdıqdan sonra ixtisasının tanınması və peşə fəaliyyətinə başlaması istiqamətində konkret nəticə əldə edə bilməyib.
"Rusiya Federasiyasında nüfuzlu elmi-tədqiqat institutunda klinik ordinatura (rezidentura) təhsilini uğurla başa vurmasına baxmayaraq, onun qarşısında hələ də hüquqi və inzibati qeyri-müəyyənliklər qalmaqdadır. Müraciət zamanı sadəcə bir cümlə - “Səni anlayıram” ifadəsi, bu güclü qadının illərlə yığılmış yorğunluğunu, məsuliyyətini və gözləntilərini sanki bir anlıq dayandırdı. İki uşaq anası olan bu həkimin gözlərinin dolması isə əslində tək bir insanın emosional reaksiyası deyil, daha dərin bir sosial reallığın təzahürü idi. Bu mənzərə göstərir ki, söhbət təkcə bir şəxsin sənəd və ya diplom prosedurundan getmir. Söhbət, xaricdə yüksək ixtisaslı təhsil almış, ölkəyə xidmət etmək istəyən mütəxəssislərin sistemə inteqrasiyasındakı gecikmələrdən, prosedur qeyri-müəyyənliklərindən və vahid yanaşmanın olmamasından gedir. Mövcud vəziyyət onu göstərir ki, xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac vardır. Əks halda, bir tərəfdən ölkədə həkim çatışmazlığından danışdığımız halda, digər tərəfdən hazır, ixtisaslı kadrların sistemə inteqrasiyasını çətinləşdirən bir mühit formalaşır. Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mütəxəssislərindən ibarət komissiya olmasına baxmayaraq, məsələnin həllinin bəzən qeyri müəyyən qalması ciddi problemlər yaradır”.
Deputat bildirib ki, ki, dövlət tərəfindən bu prosesdə sui-istifadə hallarının qarşısının alınması və keyfiyyət standartlarının qorunması vacibdir: “Lakin bu, qeyri-müəyyənlik və uzunmüddətli gözləntilər hesabına deyil, ölçülə bilən, şəffaf və hüquqi cəhətdən dəqiq müəyyən edilmiş qaydalarla həyata keçirilməlidir. Bu hadisə eyni zamanda bir daha xatırladır ki, idarəetmədə ən vacib məsələ təkcə normativ aktların mövcudluğu deyil, onların insan talelərinə necə təsir etməsidir. Çünki hər bir sənədin arxasında bir həyat, bir ailə və bir gələcək dayanır. Bu gün biz qanunlar qəbul edərkən, qərar verərkən yalnız prosedurları deyil, həmin prosedurların içində gözləyən insanların ümidlərini də nəzərə almalıyıq. Çünki bəzən bir “səni anlayıram” cümləsi belə, illərlə davam edən qeyri-müəyyənliyin yaratdığı yükü tam ifadə etməyə kifayət etmir. Bu həm insan haqları məsələsi, həm rayonlarda kadr çatışmazlığı məsələsi, həm gənc kadrların bu çətin və uzun peşəyə motivasiyası məsələsidir. Həm də cənab Prezident tərəfindən müəyyən edilmiş səhiyyə islahatlarının daha da inkişaf etdirilməsi üçün insan kapitalına veriləcək dəstəkdir”.