BAKI, 18 iyun. TELEQRAF
"Süni intellekt həyatın hər sahəsində geniş yayılıb".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca Ombudsmanların Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekt vasitəsilə idarə olunan sistemlərdə dezinformasiya riski də yüksəkdir.
Mehmet Akarca qeyd edib ki, süni intellekt əsaslı avtomatik və yüksək məhsuldar sistemlər müxtəlif sahələrdə xidmət keyfiyyətini artırsa da, bəzi riskləri də ortaya çıxarır: “Cinsiyyət, yaş, əlillik, etnik kök və mədəni fərqliliklər kimi amillər düzgün idarə olunmadıqda, müəyyən qrupların sistematik şəkildə dezavantajlı vəziyyətə düşməsinə və ayrı-seçkiliyə məruz qalmasına səbəb ola bilər. Xüsusilə sosial həyat, təhlükəsizlik və hüquq-mühafizə kimi sahələrdə süni intellektin istifadəsi diqqətlə tənzimlənməlidir.
Digər mühüm risk sahəsi şəffaflıq və hesabatlılıqdır. Süni intellekt sistemlərinin hansı meyarlara əsasən qərar verdiyi aydın şəkildə izah edilməli, qərarların necə formalaşdığı açıq olmalıdır. Bundan əlavə, süni intellekt vasitəsilə idarə olunan sistemlərdə dezinformasiya riski də yüksəkdir. Bu, insanların düzgün məlumat əldə etmək hüququnu məhdudlaşdıra bilər",-deyə Türkiyə Respublikasının
Baş Ombudsmanı əlavə edib.