BAKI, 19 iyun. TELEQRAF
İran İsveçrədə ABŞ ilə danışıqların bərpası üçün şərt olaraq Livanda İsrailin hərbi əməliyyatlarının dayandırılmasına zəmanət istəyib.
Teleqraf xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadla məlumat yayıb.
“İran tərəfi imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb edib. Hazırda vasitəçilər (Qətər və Pakistan) bu məsələni həll etməyə çalışırlar”, - mənbə bildirib.
Qeyd edilib ki, bu günə planlaşdırılmış danışıqlar İsrailin Livana hücumlarından sonra müvəqqəti olaraq təxirə salınsa da, vasitəçilərdə danışıqların nə vaxt bərpa olunacağına dair məlumat yoxdur.
Xatırladaq ki, həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıb. İsveçrə Xarici İşlər Nazirliyi bundan sonra bəyan edib ki, tərəflər iyunun 19-da Bürgenştok şəhərində görüşəcəklər. Amma planlaşdırılan görüş gözlənilmədən ləğv edilib.