BAKI, 19 iyun. TELEQRAF
Yol hərəkəti təhlükəsizliyi əsas prioritet olsa da, bəzi hallarda sürət məhdudiyyətləri və yolun nişanlanması sürücülər üçün əlavə çətinliklər yaradır.
Teleqraf xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, ilk növbədə təhlükəsizlik qorunmalıdır: "Amma bəzi hallarda magistral yollarda sürət həddi o qədər aşağı müəyyən edilir ki, sürücülərdə bunun süni məhdudiyyət olduğu təsəvvürü yaranır. Bəzi yollarda zolaqların eni beynəlxalq standartlara uyğun olmadığından sürücülər məcburən yol nişanlanmasını pozmaq vəziyyətində qalırlar".
“Avtomobillərin parklanması üçün ayrılmış yerlərdən sonra hərəkət zolağının eni standartdan aşağı düşür. Nəticədə iri avtomobillə yanaşı hərəkət edərkən sürücü istər-istəməz keçilməz xətti kəsməyə məcbur olur və bunu qeydə alan kameralar cərimə tətbiq edir”, - deyə deputat vurğulayıb.
O, mövcud vəziyyətin sürücülərə psixoloji təzyiq yaratdığını da bildirib. “Rayona gedəndə şəxsən mən də avtomobil idarə edərkən radarları izləmək üçün "Waze" proqramından istifadə edirəm. Bir gözüm telefonda, bir gözüm də yol nişanları və sürətdə olur. Bu, sürücülərdə elə bir psixoloji diskomfort yaradır ki, təhlükəsizliyi təmin etmək üçün görülən tədbirlər bəzən əksinə təhlükə mənbəyinə çevrilir”.
Deputat yol nişanlanması və xətlənməsi zamanı beynəlxalq standartların nəzərə alınmasının vacibliyini vurğulayaraq aidiyyəti qurumları bu məsələyə diqqət yetirməyə çağırıb.