BAKI, 19 iyun. TELEQRAF

Bu il yanvarın 1-dən etibarən ölkədə aksizli malların dövriyyəsi və gömrük qaydalarının pozulması ilə bağlı 1072 hüquqpozma faktı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov deyib.

Onun sözlərinə görə, qeydə alınan hallardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakteri daşıyır:

“Cinayət xarakterli faktlardan 3-ü üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Keçirilən əməliyyatlar zamanı ümumilikdə 73 840 ədəd belə siqaret qanunsuz dövriyyədən çıxarılıb. Digər 1 cinayət faktı üzrə isə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 308,30 karat brilyant qaş aşkar edilərək götürülüb”.

O. Sultanov qeyd edib ki, gömrük qaydalarının pozulması ilə bağlı təqsirkar fiziki şəxslərə ümumilikdə 97 169,30 manat məbləğində cərimə tətbiq olunub. Bunlardan 81 146,35 manatının ödənilməsi təmin edilib.