BAKI, 18 iyun. TELEQRAF
"Oman texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdən biridir".
Teleqraf xəbər verir ki, bunu Oman İnsan Hüquqları Komisiyyasının sədri Raşid Əl Baluşi Ombudsmanların Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
"Biz inanırıq ki, süni intellekt insan hüquqlarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu texnologiya həm insanların sağlamlığının qorunmasına, həm də hüquqlarının müdafiəsinə xidmət edir", - o, əlavə edib.
Raşid Əl Baluşi bildirib ki, süni intellektdən proqnozlaşdırma, məlumatlandırma və maarifləndirmə məqsədilə geniş istifadə olunur: "Süni intellekt hər kəs üçün əlçatan olmalıdır. Xüsusilə əlilliyi olan şəxslər və ahıllar üçün bu imkanların yaradılması vacibdir. Biz hesab edirik ki, ağıllı idarəetməyə keçid zamanı insan ləyaqətinin qorunması əsas prioritetdir. Bu prinsip Oman qanunvericiliyində də öz əksini tapıb.
Qanunvericilik bazasının genişləndirilməsi istiqamətində işlər aparılır, yaxın günlərdə kiber təhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində yeni qanun təşəbbüsləri irəli sürülüb. Süni intellekt son 15 ildə daha çox inkişaf edib. Bununla yanaşı, bu texnologiyaların sui-istifadə məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və şəxsi məlumatların qorunması məsələləri də xüsusi diqqət mərkəzində saxlanılır".