BAKI, 18 iyun. TELEQRAF

Gün ərzində Daxili İşlər Nazirliyinə daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır.

Teleqraf xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, narkotik vasitələrin satışı daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur.

"Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə "Tik-Tok" platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur", - o vurğulayıb.